Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 14:40
Bakı. Trend:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələr inkişaf etməkdədir. Cari ildə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündən sonra bu əməkdaşlığın yeni mərhələsi başlayıb.
Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev arasında keçirilən görüş də ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişaf istiqamətlərinə və prioritet sahələrlə bağlı müzakirələrə həsr edilib.
Konfederasiyadan Trend-ə verilən məlumata görə, M.Musayev səfiri salamlayaraq yeni təyinatı münasibətilə onu təbrik etmiş və işlərində uğurlar arzulamışdır. Özbəkistana olan səfərlərini və orada keçirilən biznes forumların səmərəli olduğunu qeyd edən Konfederasiyanın prezidenti Daşkəndin ona doğma şəhər olduğunu vurğulayıb.
Səfir B.Aşrafxanov xoş sözlərə görə ASK prezidentinə təşəkkür edərək sentyabrın 4-də Özbəkistanda MDB dövlətlərinin sahibkarlıq üzrə palatalarının görüşündə M.Musayevin fəxri qonaq qismində çıxış edəcəyini bildirmişdir. “Özbəkistanda çalışan sahibkarların və onları təmsil edən qurumların konfederasiya ilə əməkdaşlığa böyük marağı vardır və bu əməkdaşlığımız əminəm ki, hər iki dövlət üçün faydalı olacaqdır”, - deyə səfir vurğulamışdır.
Səfir Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini bildirmişdir. O qeyd etmişdir ki, hazırda Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur və orada “General Motors” ilə birlikdə avtomobil istehsal etmək planlaşdırır. Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan səfir bununla bağlı regionlara səfər etdiyini bildirmişdir. B.Aşrafxanov Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləmişdir.
M.Musayev səfiri maraqlandıran sahələrlə bağlı, ASK-nın İdarə Heyətində təmsil olunan assosiasiyalar barədə səfirə məlumat vermişdir. Azərbaycan sahibkarlarının Özbəkistana böyük marağının olduğunu qeyd edərək iki türk dövləti arasında iqtisadi əməkdaşlığın genişlənməsi naminə qarşıya qoyulan hədəflərə çatmaq üçün ASK-nın əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır. Görüşün sonunda iki ölkə arasında iqtisadi, humanitar, mədəni əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirlik arasında əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.