Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 15:18
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 129 ədəd oksigen konsentratoru və 60 ədəd pulsoksimetri Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Aİ, ÜST və SN-nin birgə məlumatında qeyd edilir ki, bu tibbi ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi çərçivəsində ölkəyə gətirilib.
Oksigen konsentratorları xəstəxanaya yerləşdirilmiş COVID-19-lu xəstələri oksigenlə təmin edən qeyri-invaziv bir vasitədir. Bu yolla təmin edilən oksigen, aşağı qan oksigen səviyyəsi olan COVID-19-lu ağır xəstələrin müalicəsi üçün ilk önəmli addımdır və müalicə üçün əsas prioritet olmalıdır.
Ölkəyə gətirilmiş pulsoksimetrlər isə xəstələrdə qanda oksigen səviyyəsini ölçməyə kömək edəcək.
""Team Europe"-un təşəbbüsü olan, Aİ-nin "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi tərəfdaşımız Azərbaycanda birinci mərhələdə fərdi qoruyucu vasitələrlə, indi isə həyatları xilas etməyə yardım edəcək zəruri tibbi avadanlıqlarla səhiyyə sistemini dəstəkləməyə davam edir", - Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
"Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ilə yerli səviyyədə aparılan mübarizə tədbirlərinə töhfə verdiyimiz üçün çox şadıq və ümid edirəm ki, bununla da Azərbaycanda fərq yarada biləcəyik", - deyə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. "Bu ləvazimatlar oksigen müalicəsinə ehtiyacı olan insanlarda ciddi xəstəliklərin və ölümlərin qarşısının alınması üçün vacibdir. Virusun cəmiyyətdə yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edərkən xəstəxanalara müvafiq diqqətin göstərilməsi son dərəcə önəmlidir".
"Yüksək keyfiyyətli oksigen konsentratoru və pulsoksimetr tibbi ləvazimatlarının təchizatı üçün tərəfdaşlarımıza minnətdarıq. Aİ və ÜST-nin Azərbaycana gətirdiyi bu ləvazimatlar COVID-19-lu ağır xəstələrin müalicəsi üçün istifadə ediləcək"- Səhiyyə Nazirliyinin müavini Rahim Əliyev qeyd edib.
Layihənin birinci mərhələsində, Azərbaycanda tibb işçilərinin COVID-19 pandemiyasına effektiv və təhlükəsiz şəkildə cavab tədbirlərinə dəstək məqsədilə Bakı və regionlardakı 86 səhiyyə müəssisəsinə fərdi qoruyucu vasitələr paylanıb. Aİ və ÜST, həmçinin tibb işçiləri üçün 8 canlı və 7 onlayn "Təlimçilər üçün təlim" sessiyası təşkil edib. Bu da öz növbəsində gələcəkdə daha çox tibb işçisinə COVID-19-lu xəstələrin idarə edilməsində ən son metodlar haqqında təlim keçməyə kömək edəcək.
Bu böyük əhəmiyyət daşıyan ləvazimatların ianəsi hal-hazırda 216-dan çox ölkəni və ərazini əhatə edən COVID-19 pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. Avropa İttifaqı, 27 mart 2020-ci ildə, Şərqi Avropa və Qafqazın altı ölkəsində, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması, virusun aşkarlanması və ona qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə 30 milyon avroluq yardım paketi ayırdığını elan edib.
Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması və tibb işçiləri, virusa qarşı ön cəbhədə mübarizə aparan şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə ediləcək. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.