Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan analara XƏBƏRDARLIQ: Körpələrinizi...

Koronavirusa yoluxan analara XƏBƏRDARLIQ: Körpələrinizi...

Tarix: 8 Sentyabr 2020 15:40

Türkiyə Səhiyyə Nazirliyi körpələri ana südü ilə qidalandırmanın faydalarının potensial yoluxma riskini üstələdiyi barədə açıqlama yayıb. Ana südündəki əsas risk ana ilə yaxın təmas və infeksiya riskidir. ÜST də şübhəli və ya diaqnozu qoyulmuş COVİD-19 olan anaları əmizdirməyə başlamağa və ya davam etdirməyə təşviq etməyi tövsiyə edir.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva Sonxeber.net-a COVİD xəstəsi olan ananın övladını əmizdirmə zamanı yoluxdurma riski ilə bağlı açıqlama verib:

"Ana südü ilə qidalanma, xüsusən ilk altı ayda uşağın ehtiyacı olan vitamin və mineral maddələr ilə təmin edir. Ana südündə olan antikorlar, uşağın immun sisteminin möhkəmlənməsində, viruslar və bakteriyalar ilə mübarizədə çox vacibdir. Eyni zamanda bir çox xəstəliklərə bağlı riskləri də azaldır.                                                                                                 
Bəs Koronavirus xəstəsi olan ana uşağını əmizdirə bilərmi?

İndiyə qədər aparılan araşdırmalara əsasən COVİD 19-a səbəb olan virus ana südündə  müəyyən edilməmişdir. Amma hələ də araşdırmalar davam edir. Əsas yoluxma yolu virus daşıyan ananın öskürməsi və ya asqırması zamanı ətraf mühitə yayılan virus hissəcikləri vasitəsi ilə mümkündür. 

COVİD 19 virusu daşıyan ana uşağını əmizdirməyə zəruri tədbirlər alaraq davam etdirməlidir. Əmizdirmə zamanı gigiyena qaydalarına riayət olunmalı, ağız və burunu örtən maska taxılmalıdır. 

Uşağa toxunmadan əvvəl və sonra 20 saniyə müddətində əllər sabun və su ilə yuyulmalıdır. Toxunulan bütün səthlər tez-tez təmizlənməli və dezinfeksiya edilməlidir. Əgər ana ağır  COVİD-19 xəstəsidirsə və uşağını əmizdirə bilmirsə, bu zaman ana südü müəyyən qaydalara əsasən sağılıb uşağa verilə bilər. Südsağma aparatı anaya özəl olmalıdır. Süd sağmadan əvvəl analar əl gigiyenasına əməl etməlidirlər. Və hər istifadədən sonra ana südü ilə təmasda olan bütün hissələr yuyulmalıdır".

Təhməz Əsədov


Etiketlər:  Koronavirusa yoluxan analara XƏBƏRDARLIQ Körpələrinizi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ