Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 09:16
Bakı. Samir Əli - Trend:
Bakıda marşrut xəttində hərəkətdə olarkən yeni avtobusun yanması faktı ciddi araşdırılmalıdır.
Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bunun üçün Bakı Nəqliyyat Agentliyində (BNA) hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılmalı, yanğının səbəbləri araşdırılmalıdır:
"Bu, adi hadisə deyil. Yanan avtobusun biri Azərbaycana 500 min manata başa gəlib. Yarım milyon manat qyməti olan həmin avtobusun həm istismar qaydaları, həm də dövrü texniki qulluq təlimatı var - Dövrü texniki qulluq, cari texniki qulluq, texnika ilə davranış, avtobusdan istifadə vaxtı hansı problem yarana bilər, bu zaman problemin qarşısını necə almaq olar və sair. Bütün bu təlimatlar var və həmin təlimatlara da əməl olunmalıdır. Avtobusu istismar edən "BakuBus" MMC, avtobusa cavabdeh olan şəxs bu təlimatların bütün detallarına ciddi riayət etməlidir. Əgər avtobusa təlimata uyğun qulluq olunubsa, vaxtında texniki baxış, texniki müayinə, detallara qulluq olunubsa, bu halda avtobusun zavod nöqsanını da aşkarlamaq olar. Əgər avtobusa təlimatlara uyğun qulluq olunmayıbsa, zavod qüsuru olsa belə həmin zavod zəmanətdən imtina edə bilər. Buna görə də məsələ ciddi araşdırılmalı, əsl səbəbləri müəyyən edilməlidir".
BNA-nın Mətbuat katibi Mais Ağayev isə Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və hazırda hadisənin səbəbləri araşdırılır: "Bunun üçün komissiyaya xüsusi mütəxəssislər də dəvət olunub. Araşdırmalardan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, son günlərdə Bakıda sərnişin daşıyan "BakuBus" MMC-yə məxsus iki yeni və müasir avtobus qeyri-müəyyən səbəbdən yanıb.