Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 11:24
Bakı. Trend:
Mən ziyalı ailəsində anadan olmuşam və uşaq vaxtından evimizdə elmə və mədəniyyətə böyük maraq və diqqət göstərilib. Peşə seçimi qarşısında durduqda Azərbaycanlı olaraq neft sənayesində çalışmaq, bir azərbaycanlı kimi mühəndis olaraq xarici şirkətlər tərəfindən tanınmaq və yüksək səviyyəli peşəkar mütəxəssis olaraq onlarla işləməyi arzulamışam. Məktəbi bitirdikdən sonra bu arzum reallaşdı.
Mən hələ orta məktəbdə BP Şirkətinin Azərbaycandakı nümayəndəliyinin keçirdiyi bir çox layihələrdə iştirak etdim, oxuduğum 139 saylı orta məktəbin komandası Azərbaycanda qalib gələrək, Londona dəvət aldı və iştirak edən 23 komanda arasında Azərbaycan komandamız 5-ci yeri tutdu.
Oxuduğum dövr ərzində həm də çalışdım. Ətrafımda daim xarici mütəxəssislər var idi. Onlarla söhbət zamanı onların Azərbaycana valeh olmaları məni qürurlandırırdı. Azərbaycanım onlar üçün sözün əsl mənasında cəlb edici idi. Onlar daim bildirirdilər və hazırda da bildirirlər ki, Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində olduqca vacib rol oynayır. Həqiqətən Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir.
2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır və bu proses illərlə davam edəcək və Azərbaycanın imicini möhkəmləndirəcəkdir.
Təsadüfi deyil ki, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur. Butün görülmüş işlər hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir.
Bu gün Azərbaycan demokratiya yolunda uğurla addımlayır. Hamımıza bəllidir ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bəli, danılmaz faktdır ki, bəziləri söz azadlığını və demokratiyanı doğru anlamır və onu öz istədiyi yönə çəkməyə çalışır. Amma real olan göz önündədir.
Bütün görülən işlərin məntiqi nəticəsi olaraq bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir.
Statistikaya nəzər saldıqda görürük ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. Bu isə böyük göstəricidir.
“2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir və məhz bu nəticə Azərbaycanın inkişaf yolunun hansı səviyyədə olmasından xəbər verir.
Bu gün Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Bu danılmaz faktdır.
Ölkə başçımız dəfələrlə bəyan etmişdir ki, Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.
Bu gün bütün səylər güclü Azərbaycanın daha da yüksəlməsi üçün yönəlib. Dövlət Başçımız bu gün Azərbaycanın imicinin qaldırılmasında, dünya ölkələri arasında söz sahibi olaraq açıq şəkildə öz iradəsini ifadə etməklə, yek bir kəlmə ilə “Qarabağ Azərbaycandır !” demişdir.
Görülən bütün işlər, aparılan düzgün siyasi tərəfdaşlıq və ölkəmizin tanınması hər bir Azərbaycan vətəndaşının hansı ölkədə olmasından asılı olmayaraq fəxrlə “Mən Azərbaycanlıyam” deməsi üçündür.
Azərbaycanlı olmağımla fəxr edirəm.
Vüsal Həsənli,
ziyalı, mühəndis