Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan təkbaşına Azərbaycan qarşısında çox aciz və köməksiz durumdadır''

''Ermənistan təkbaşına Azərbaycan qarşısında çox aciz və köməksiz durumdadır''

Tarix: 24 Sentyabr 2020 10:21

Ermənistan heç bir halda təkbaşına Azərbaycan ərazilərini işğal edib torpaqlarımızda qeyri-qanuni fəaliyyət həyata keçirmək iqtidarında deyil.

Sonxeber.net bilidirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ümumiyyətlə Ermənstanın yaranma tarixinə nəzər saldıqda bu ölkənin Azərbaycanın tarixi ərazilərində süni şəkildə yaradıldığının şahidi oluruq.

A.Həsənova vurğulayıb ki, indiki Ermənistan ərazisində vaxtilə Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığı yerləşirdi:

"Tarixdən məlumdur ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında ermənilər süni şəkildə kütləvi olaraq Azərbaycanın tarixi torpaqlarına köçürülüb və sonradan Azərbaycan ərazisində Ermənistan adlı dövlət yaradılıb, Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhəri də bu süni dövlətin paytaxtı kimi ermənilərə güzəştə gedilib. O vaxdan indiyə qədər Ermənistan heç zaman müstəqil dövlət olmayıb və havadarlarının dəstəyi ilə daim ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış edib".

Deputat vurğulayıb ki, bu gün Ermənistanla Azərbaycan arasında müqayisələr apardıqda Ermənistanın təkbaşına Azərbaycan qarşısında çox aciz və köməksiz durumda olduğu məlum olur: "İstər sosial-iqtisadi, istər ictimai-siyasi, istər vətənpərvərlik, istər demoqrafik və digər parametlər üzrə Ermənistan Azərbaycandan müqayisə olunmayacaq dərəcədə geridə qalır. Ermənistanın Statistika Komitəsinin hesabatına əsasən təkcə 2020-ci ilin ikinci rübündə Ermənistanın ümumi daxili məhsulu 13,7 faiz azalıb. Bu ilin ilk 6 ayı ərzində Ermənistan iqtisadiyyatı 7,1 faiz azalıb.

Azərbaycanla Ermənistanın dövlət büdcələrin də müqayisə etdikdə vəziyyət aydın şəkildə ortaya çıxır. Belə ki, dollar ekvivalentində Ermənistanın 2020-ci il dövlət büdcəsinin gəlir proqnozu 3,5 milyard dollar, xərcləri isə 3,8 milyard dollar təşkil edir. Azərbaycanın 2020-ci il büdcəsində isə gəlirlər 14 milyard dollardan, xərclər isə 15,8 milyard dollardan çoxdur. 2020-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən Ermənistanın ümumi dövlət borcu 7,3 milyard dollar təşkil edib ki, bu da rəqəmlərdə göründüyü kimi çox acınacaqlı bir vəziyyəti. İqtisadi baxımdan bu cür acınacaqlı vəziyyətdə olan bir ölkədə təkbaşına özündən qat-qat güclü Azərbaycanla necə müharibə apara bilər, ərazilərimizi necə işğal edə bilər?

Azərbaycan Prezidenti cənab İlham Əliyev 19 sentyabr tarixində bununla bağlı Ermənistana açıq mesaj verdi. Cənab Prezidentin "Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər" - fikri əslində açıq siyasi mesajdır. Bu mesaj hadisələrin inkişaf edəcək ssenarilərdən asılı olmayaraq Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu mesaj eyni zamanda gücümüzü, həmçinin siyasətimizin müstəqillik dərəcəsini əks etdirir.

Həm Ermənistan, həm də onun havadarları bu mesajdan nəticə çıxarmalıdır. Çünki Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə nəticələr Ermənistan üçün çox ağır ola bilər. Bu gün Azərbaycan ordusu nəinki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarımızı geri qaytarmaq, hətta vaxtilə Ermənistana bağışlanmış İrəvanın da hesabını sormaq iqtidarındadır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 orduları sırasındadır. Ordumuzda ruh yüksəkliyi, hərbi vətənpərvərlik və döyüş əzmi ən yüksək səviyyədədir. Ordumuz ən müasir silahlarla təchiz olunub və Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq hərbi təlimlər həyata keçirilir və şəxsi heyətin peşəkarlıq səviyyəsi daim artırılır.

Bu gün eyni zamanda Azərbaycan cəmiyyətində işğal edilmiş torpaqlarmızı geri qaytarmaq üçün böyük ruh yüksəkliyi və döyüş əzmi mövcuddur. Elə son Tovuz hadisələri zaman cəmiyyətimizin birliyi, insanlarımızın kütləvi şəkildə küçələrə axışaraq torpaqlarımızın azad olunması üçün canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmələri, vətəndaşlarımızın yaşından asılı olmayaraq könüllü olaraq hərbi xidmətə getmək üçün kütləvi şəkildə hərbi komissarlıqlara müraciətləri cəmiyyətin heç zaman torpaqlarımızın işğal altında qalması ilə barşmayacaqlarını aydın şəkildə göstərdi.

Göründüyü kimi sülh və diplomatik üsullara sadiq olan Azərbaycan öz hərbi gücünü tanıyır və müharibə ehtimalını inkar etmir. Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğal olunmuş ərazilərinin adekvat vasitələr ilə qaytarılmasına hazır olduğunu bəyan edir. Cənab Prezidentin "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır" - ifadəsi müəyyən mənada dövlətin müharibəyə hazır olduğunu bildirir. Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, təkcə hökumət yox, müharibənin başlanması eyni zamanda xalqın da çağırış və istəyinin nəticəsi kimi ola bilər.

Əgər Azərbaycan indiyə qədər sülh və diplomatik üsullara sadiq qalmasaydı torpaqlarını çoxdan işğaldan azad edə bilərdi. Lakin Azərbaycanın da səbrinin bir həddi var və artıq bu səbr tükənmək üzrədir. Artıq Azərbaycan hər an alternativ yolla öz torpaqlarını işğaldan azad etmək qərarına gələ bilər, çünki qeyd olunduğu kimi artıq bu xalqın da tələbi və istəyidir. Eyni zamanda beynəlxalq qanunlara əsasən Azərbaycan hər zaman öz torpaqlarını terroçulardan təmizləmək hüququnu özündə saxlayır. Nə qədər ki, gec deyil Ermənistan rəhbərliyi və havadarları mövcud vəziyyətdən nəticə çıxarmalı və işğal edilmiş torpaqlarımızdan geri çəkilməlidir. Əks halda Ermənistan qüdrətli Azərbaycan Ordusunun gücünü çox ağır şəkildə hiss edəcək və o zaman onların köməyinə heç kim gələ bilməyəcək".


Etiketlər:  Ermənistan təkbaşına Azərbaycan qarşısında çox aciz köməksiz durumdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ