Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şagirdlər arasında yoluxma artır, məktəblər yenidən bağlana bilər - TƏK ÇIXIŞ YOLU ...

Şagirdlər arasında yoluxma artır, məktəblər yenidən bağlana bilər - TƏK ÇIXIŞ YOLU ...

Tarix: 26 Sentyabr 2020 15:13

Pandemiya şəraitində yeni tədris ili sentyabrın 15-dən yenidən fəaliyyətə başladı. Distant təhsil bu tədris ilində əsas götürülsə də, məhdudiyyətlər çərçivəsində ənənəvi təhsil də işini davam etdirir. Amma deyəsən, hər kəsin qorxduğu baş verməyə başlayıb. Təxminən 10 gündür fəaliyyətini bərpa edən təhsil ocaqlarında artıq hər gün müəllimlərin, şagirdlərin və digər təhsil işçilərinin koronavirusa yoluxduğu barədə xəbərlərlə qarşılaşırıq. Hadisələrin bu cür cərəyan etməsi ənənəvi təhsilin yenidən tamamilə distant təhsillə əvəz edilməsi məsələsini gündəmə gətirir.

Bəs bu barədə mütəxəssislər nə düşünürlər? 

Mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Sonxeber.net-la fikirlərini bölüşüb:

"Mövcud vəziyyəti nəzərə alsaq, hər gün artıq Təhsil Nazirliyi tərəfindən istər müəllim olsun, istər şagird, istərsə də texniki işçilər arasında olan yoluxma halları ilə bağlı statistik məlumatlar paylaşılır. Hər gün bu informasiya verilir və biz orada müşahidə edirik ki, artıq bəzi siniflər, bəzən olur bəzi məktəblərdə, ümumiyyətlə, tədris dayandırılır, artıq onun şahidiyik. Bu proses belə davam etdikcə qarşıdakı günlərdə Baş nazirin verdiyi qərara əsasən, noyabr ayının 2-nə qədər bu proses qüvvəsindədir, əgər həmin vaxta qədər bu şəkildə yoluxma halları artarsa, o zaman yenidən noyabr ayının 2-dən sonra ölkədə bütün təhsil ocaqları üzrə - istər məktəbəqədər, istər bağçalar, istərsə də ibtidai sinif və orta ümumtəhsil müəssisələri, istərsə də ali təhsil müəssisələrində, hər bir təhsil pilləsi üzrə distant təhsil yenidən davam edəcək. 

Əgər biz istəyiriksə, dərslər ənənəvi qaydada olsun, ümumiyyətlə. məktəbə yaxınlaşan hər bir şagirdin temperaturu yoxlanılmalıdır, ondan sonra onların məktəbə buraxılıb buraxılmamağı müəyyənləşməlidir. Eyni zamanda məktəbdaxli izolyasiya qaydalarına mütləq riayət olunmalıdır, əgər biz ənənəvi təhsil istəyiriksə. Həmçinin valideynlər bu işə məsuliyyətlə yanaşmalıdırlar. Onlar əgər övladlarında sağlamlıqları ilə bağlı hər hansı narahatçılıq hiss edirlərsə, övladlarını məktəbə buraxmamalıdırlar. Yaxşı olar ki, onlayn təhsilə üstünlük versinlər. Təbii ki, əgər bunlara riayət olunmasa, dediyim kimi, biz artıq noyabr ayının 2-dən etibarən yenidən distant formalı təhsilə qayıdacağıq".

Xatırladaq ki, Təhsil Nazirliyi dünən məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən Sonxeber.net-a bildirilib ki, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Təhməz Əsədov


Etiketlər:  Şagirdlər arasında yoluxma artır məktəblər yenidən bağlana bilər TƏK ÇIXIŞ YOLU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ