Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 10:56
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub.
Agentlikdən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya “ASAN ödəniş” mobil tətbiqində “Yardım Fondu” bölməsinə daxil olaraq “Silahlı Qüvvələrə Yardım Fondu” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqanı, 8 publik hüquqi şəxs, dövlətə məxsus 45 hüquqi şəxs və 3 özəl təşkilat olmaqla 278 dövlət qurumunun cərimə, vergi rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 660-dan artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.
Silahlı Qüvvələrə Yardım Fondu 17 avqust 2002-ci il tarixində Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanı ilə yaradılıb.