Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bahar Muradova BMT-nin Azərbaycandakı rəsmiləri ilə görüşüb

Bahar Muradova BMT-nin Azərbaycandakı rəsmiləri ilə görüşüb

Tarix: 14 Oktyabr 2020 13:24

Oktyabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Komitədən Sonxeber.net-a verilən məlumata görə, komitə sədri qonaqları salamlayaraq, BMT ilə birgə əməkdaşlıq nəticəsində görülmüş işlərin mühüm əhəmiyyətini vurğulayıb.  Baş verən son hadisələr səbəbindən belə çətin bir dövrdə görüşün təşkil edilməsi təşəbbüsü üçün eyni zamanda, Ermənistanın növbəti təcavüz aktını törətməsi nəticəsində meydana çıxan çətinliklər, vətəndaşlarımızın üzləşdiyi problemlər ətrafında fikir mübadiləsi aparmaq imkanlarına görə təşəkkürünü bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan tərəfi olaraq 30 il ərzində bu hadisələrin yenidən baş verəcəyini daim səsləndirməyimizə baxmayaraq, məsələyə beynəlxalq müstəvidə lazımi diqqət göstərilmədiyindən bugün bu ağır nəticələrlə üzləşirik. Məsələni sülh yolu ilə həll etmək üçün lazım olan bütün şərtlər olduğu halda təəssüf ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı ardıcıl təxribatlar törətməklə Azərbaycanı əks-həmlə əməliyyatını reallaşdırmağa məcbur etdi.

Azərbaycanın BMT-nin nizamnaməsində nəzərdə tutulan hüququndan istifadə edərək öz ərazilərini işğaldan azad etməklə məşğul olduğunu bildirən B.Muradova qeyd edib ki,  humanitar atəşkəs elan olunmasından sonra baş verən hadisələr bu addımları atmaqda nə qədər doğru qərar verdiyimizi bir daha sübut etdi. O, Gəncədə və Mingəçevirdə baş verən terror aktı zamanı dinc əhali və mülki obyektlərin hədəfə çevrilməsinin Ermənistanın yeritdiyi siyasətin mahiyyətini tam şəkildə üzə çıxardığını vurğulayıb.

Çıxışının davamında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün höuümətlə hazırkı əməkdaşlıq məsələlərinə toxunan B.Muradova BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini, eləcə də münaqişınin sülh və beynəlxalq təhlükəsizlik normaları çərçivəsində həllinin DİM-in icrasına yönəlmiş bir addım olduğunu qeyd edib.  O, Azərbaycan üçün əhəmiyyət kəsb edən, DİM-ə uyğun olaraq müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilərin ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verdiyini diqqətə çatdırıb.

BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai Gəncədə baş verən hadisələr zamanı həyatlarını itirən sakinlərin ailələrinə başsağlığı verərək xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşacaqlarına ümidini ifadə edib. Baş verən hadisə ilə bağlı olaraq Gəncəyə səfər etdiklərini qeyd edən Q. İsakzai nəticələri və təsirləri qiymətləndirdiklərini, dinc əhalinin hədəf alınmasının heç bir halda əsaslandırılmasının mümkün olmadığını diqqətə çatdırıb. O bildirib ki, Mingəçevir və Gəncə şəhərlərində baş verən son insidentlərdən sonra bu şəhərlərdə yaşayan əhali ilə yanaşı, təmas xəttinə yaxın ərazilərdə məskunlaşan insanlar da münaqişədən əziyyət çəkərək yaşadıqları yeri tərk etmək məcburiyyətində qalır.  Q.İsakzai münaqişədən daha çox qadın və uşaqların əziyyət çəkdiyini, hazırda onların hüquqlarının müdafiəsi və zorakılıqdan qorunmasının vacibliyini və bu məqamda BMT olaraq humanitar dəstəyə hazır olduqlarını bildirib.

Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin münaqişədən zərər çəkən uşaqların psixoloji dəstəyinin vacibliyini vurğulayaraq, bir çox təxirəsalınmaz addımları təklif edib. Komitənin regionlarda mövcud olan mərkəzlərinin əhəmiyyətini qeyd edərək, peşəkar mütəxəssislərdən, bir sıra dövlət qurumları, gənclər mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət şəbəkənin qurulmasının vacibliyini vurğulayıb. O bu işlərin həyata keçirilməsində texniki və maliyyə, o cümlədən bu sahədə çalışanların peşəkarlığının artırılması üçün təlimlərin təşkilində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.


Etiketlər:  Bahar Muradova Azərbaycandakı rəsmiləri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ