Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 16:33
Ermənistanın Azərbaycanda mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən terror aktları beynəlxalq ictimaiyyətə qarşı yönəlib, ona görə də Ermənistana qarşı beynəlxalq tribunalın qurulması labüddür.
Sonxeber.net bildirir ki, bunu Trend-ə hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev deyib.
Onun sözlərinə görə, gələcəkdə bu beynəlxalq tribunalın yuristiksiyasına yalnız mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri kimi cinayətlər deyil, ekoloji cinayətlər, girovların götürülməsi və onlara, eləcə də hərbi əsirlərə işgəncələrin verilməsi, Xocalıda törədilən soyqırımı, əraziyə təcavüz cinayəti (Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi) daxil ola bilər.
Hüquqşünas bildirib ki, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası və ona dair 1977-ci il 8 iyun tarixli Əlavə Protokollarda ərazilərdə qanunsuz məskunlaşma, mülki əhalinin əmlakının məhv edilməsi, ekoloji cinayətlər, girovların götürülməsi və onlara, eləcə də hərbi əsirlərə işgəncələrin verilməsi müharibə cinayəti hesab edilir.
Onun fikrincə, ermənilər tərəfindən törədilən bu cinayətlərin hamısı onlara qarşı beynəlxalq tirbunalın qurulmasına əsas verir.
1949-cu ildə qəbul edilmiş Cenevrə Komissiyalarından birinin mülki əhalinin qorunması ilə bağlı olduğunu deyən alimin sözlərinə görə, mülki əhaliyə qarşı edilən hər hansı bir hərəkət beynəlxalq cinayətdir:
"Beynəlxalq cinayətin müharibə cinayətləri adlı bir kateqoriyası var. Dünya Gəncədə və digər yaşayış mənqətələrimizdə mülki əhaliyə qarşı törədilən bu cinayətləri beynəlxalq sənədlərə uyğun olaraq, müharibə cinayətləri kimi tanımalıdır. Bunun üçün ən uyğun hal beynəlxalq tribunalın qurulmasıdır. Belə tribunalın qurulması dünya təcrübəsində var. Hesab edirəm ki, bu tribunal qurulacaq, çünki ermənilərin törətdiklərinin hamısı beynəlxalq cinayətlərdir".
Ə.Əliyev qeyd edib ki, beynəlxalq tribunal yaradılarsa, burada iki tərəfin - həm Ermənistanın dövlət kimi məsuliyyəti, həm də cinayətləri törədən ayrı-ayrı şəxslərin məsuliyyəti nəzərdən keçirilməlidir:
"Bu cinayətlərin törədilməsinə görə birinci halda dövlət məsuliyyət daşıyır. İkinci halda isə dövlətin başında dayanan Köçəryan, Sarkisyan, Paşinyan, qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma prezidenti, onların ətrafındakı şəxslər, qeyri-qanuni birləşmələrin rəhbərləri məsuliyyət daşıyır".
Hüquqşünas alim əlavə edib ki, məsələyə beynəlxalq tribunalda baxılarsa, Ermənistanı çox ağır cəza gözləyir:
"Hələ 2018-ci ilin məlumatına görə, işğal olunmuş ərazilərimizə vurulan ziyan 800 milyard manatdır. Bunlar hamısı ödənilməlidir. Bununla yanaşı, Ermənistan dövlətinin siyasi məsuliyyəti var və o, bütün cinayətkarları -Sarkisyani, Köçəryani, Paşinyanı, qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma prezidentini, terrorçuların rəhbərlərini və s. təhvil verməlidir. Bunlar hamısı öhdəlik olmalıdır. Beynəlxalq aləm cinayətkar ermənilərin əl-ağayığını yığışdırmalıdır. Bu, təkcə ermənilərə deyil, bütün dünyaya çox ciddi dərs olacaq".