Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 13:06
Öncədən də bu haqda proqnozlar vermişdik ki, qarşıdakı həftələrdə COVİD-ə yoluxanların sayında artma ehtimalı gözlənilir.
Bunu Sonxeber.net-a açıqlamasında pulmonoloq Günay Əliyeva deyib.
O bildirib ki, qonşu ölkələrdəki COVİD-ə yoluxmada sürətli artım tendensiyası bizdə də gözlənilir:
"Havaların soyuması insanların qapalı məkanlara meyl etməsi, məkanların havasının gec-gec dəyişdirilməsi yoluxma saylarının artmasına gətirib çıxaracaq. Azalmağa güvənib, ehtiyatı əldən verməyək deyə bir çox çağırışlar etmişdik. Qərbdəki, qonşu ölkələrdəki tendensiya bizdə də gözlənilir. Görünür ki, insanlarımız qaydalara kifayət qədər əməl etməyib. Artıq iki gündür ki, yoluxma sayında xeyli fərq var.
Noyabrda daha çox artım ola bilər
Əgər karantin qaydalarına, sosial izolyasiyaya əməl etməsək, insanlar laqeydlik göstərməkdə davam etsələr may, iyun aylarındakı vəziyyət təkrarlana bilər, COVİD-ə yoluxanların sayı yenidən pik həddə çata bilər. Bu vəziyyətin belə davam edəcəyini noyabrın sonu, dekabrın əvvəlinə kimi daha çox gözləyirik. Noyabr ayı üçün daha çox artım ola bilər.
Bu dəfə daha çox ağır xəstələr görəcəyik
Xəstələrin vaxtında müraciət etməməsi və COVİD-lə digər viral infeksiyaların artdığı bir dönəm olduğu üçün, kəskin respirator infeksiyaları bu dönəmdə çoxluq təşkil etidiyi üçün insanlarda çaşqınlıq yarada bilər. Bu da virusu daha ağır keçirənlərin sayının artmasına gətirib çıxara bilər. O səbəbdən bu dəfə ağır xəstələri daha çox görəcəyik. İnsanlar bundan əvvəlki dönəmdə kütləvi şəkildə hər əlaməti COVİD bilirdi. Çünki yay ayı idi, kəskin respirator infeksiyaları aşağı idi. Hər minimal simptomdan bunu hiss edib tez də müraciət edirdilər. Çox test, o qədər çox xəstə deməkdir. Onda xəstələr daha tez aşkar olunurdu. Ona görə onda xəstələrin çoxu COVİD-i daha yüngül keçirirdilər, sağalma sayı daha çox idi. Amma payız dönəmində kəskin respirator virusu infeksiyaları, onsuz da, artır. Həm həmin virus infeksiyalarına, həm də koronavirusa yoluxan xəstələr var. COVİD xəstəsi özündə hiss etdiyi simptomu yüngül digər viral bir infeksiya olaraq düşünürsə, özünü gecikdirmiş olur və nəticədə ağır xəstələrin sayı da artır".
Təhməz Əsədov