Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şuşa və Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil'' - Birinci vitse-prezidentin köməkçisi

''Şuşa və Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil'' - Birinci vitse-prezidentin köməkçisi

Tarix: 17 Oktyabr 2020 14:06

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın TV9 telekanalının canlı efirində Hindistan ictimaiyyətini Gəncə şəhərinə raket zərbəsi endirmiş Ermənistan rəhbərliyinin növbəti hərbi cinayəti barədə məlumatlandırıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, E.Əmirbəyov bildirib ki, "Elbrus" və "Toçka U" raket zərbələri nəticəində 13 dinc sakin, o cümlədən iki uşaq həlak olub, 40-dan çox sakin yaralanıb:

"Özü özünü küncə sıxışdırmış Yerevandakı cinayətkar rejim öz işğalçı ordusunun döyüş meydanında məruz qaldığı ardıcıl məğlubiyyətlər qarşısında növbəti dəfə yatmış dinc sakinlərə əl qaldırdı və bununla da öz uğursuz hərbi avantürasını günahsız mülki əhaliyə hücumla ört-basdır etmək istədi".

Bu hücumun Gəncəyə və digər iri şəhər olan Mingəçevirə dördüncü raket hücumu olduğunu deyən Birinci vitse-prezidentin köməkçisi bildirib ki, bu, Ermənistan rəhbərliyinin çarəsizliyinin sübutudur:

"Münaqişənin dinc yolla tənzimlənməsini qəbul etməyən və humanitar atəşkəs haqqında Moskva razılaşmasını kobud şəkildə pozan Ermənistan növbəti dəfə dünya ictimaiyyətinə qarşı çıxır. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT Minsk qrupu həmsədrlərinin bəşəriyyətə qarşı cinayət olan bu raket hücumları ilə bağlı sərt reaksiyasına ümid edirik".

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və əhalisinin təhlükəsizliyinin təmin edilməsi hüququna malikdir və ağlını itirmiş düşməni özünə gətirmək, gələcəkdə bu cür qeyri-insani əməllərin qarşısını almaq üçün, o cümlədən harada yerləşməsindən asılı olmayaraq düşmənin legitim hərbi hədəflərinin məhv edilməsi vasitəsilə qarşısını almaq üçün bütün zəruri addımları atır.

O, Hindistan auditoriyasını məlumatlandırıb ki, Azərbaycan ordusunun davam edən qələbə yürüşü nəticəsində bu gün 27 il işğal altında qalmış Füzul şəhəri və yeddi ətraf kənd azad edilib:

"Azərbaycan ərazilərinin erməni işğalından azad ediləcəyi və Şuşa ilə Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil".


Etiketlər:  Şuşa Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil Birinci vitse prezidentin köməkçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ