Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 17:18
"Qarabağ"ın Avropa Liqasının III turunda "Sivasspor"la oyununa təyinat alan Sandro Şarer Ağdam təmsilçisi üçün yad sima deyil.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, isveçrəli referi üçüncü dəfə bu klubun avrokubok matçında iş başında olacaq.
Şarer ilk olaraq 2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə Ukraynadakı qarşılaşmada ədalət təmsilçisi olub. 2018-ci il noyabrın 8-dəki matçda Azərbaycan çempionu 1:0 hesablı qələbəyə sevinib. Hazırda Ağdam klubunun formasını geyinən Maksim Medvedev və Vild-Donald Gerye həmin oyunda sarı vərəqə alıb.
Şarer ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın bu dəfə "Linfild"lə Şimali İrlandiyadakı oyununda fit çalıb. 2019-cu il avqustun 22-də Belfastdakı ilk oyunu meydan sahibləri 3:2 hesablı üstün tamamlayıblar. Təmsilçimizin heyətində Miçel, Mahir Emreli və Faysal Rerras sarı vərəqə ilə cəzalandırılıb. Cavab matçında rəqibini 2:1 hesabı ilə məğlub edən "Qarabağ" qrupa adlayıb.
Sandro Şarer həmçinin ötən il sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan - Xorvatiya qarşılaşmasına da təyinat alıb. "Bakcell Arena"da keçirilən oyun 1:1 hesabı ilə nəticələnib. İsveçrəli Ağdam klubunun hazırkı kapitanı Maksim Medvedevə həmin vaxt da sarı vərəqə göstərib.
Qeyd edək ki, sabah Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək.