Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 10:50
Bakı. Samir Əli – Trend:
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dair fəaliyyət planının hazırlanmasına başlanıb.
Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib. Onun sözlərinə görə, fəaliyyət planında əhatə olunacaq bir çox məsələlər var: “İlk olaraq planda həmin torpaqların yararlı hala gətirilməsi, onların bərpası və meliorasiya sistemlərinin qurulması olacaq. Eyni zamanda həmin torpaqlar təyinatı üzrə qruplaşdırılacaq və elektron uçotu aparılacaq. Çünki həmin torpaqlar işğal altında qalan vaxtlarda yenilənmiş sistemimiz yox idi ki, ərazilərin neçə hektarının kənd təsərrüfatı, neçə hektarının əkin təyinatı, neçə hektarının isə örüş yeri olması məlum deyil. Bu proses başa çatdırılandan sonra deklarasiya sistemi qurulacaq. Bu, birinci mərhələdir”.
F. Fikrətzadə bildirib ki, bundan sonra həmin torpaqların orada yaşayacaq insanlara istifadəyə verilməsi məsələsi ilə bağlı mexanizmlər müəyyənləşəcək: “Bundan sonra həmin ərazilərdə məskunlaşma prosesi ilə yanaşı, torpaqların istifadəyə verilməsinə uyğun olaraq əhalinin lazımi texnika ilə təminatı həyata keçiriləcək”.
Mərkəz rəhbəri bildirib ki, işğal altında olan dövrlərdə həmin ərazilərdə heyvandarlıq infrastrukturu dağıdılıb: “Fəaliyyət planı çərçivəsində o, ərazilərdə heyvandarlığın inkişafı strukturunun qurulması, arıçılığın bərpası və digər proseslər həyata keçiriləcək. Həmçinin ərazilərdə tədarük və təchizat sistemləri bərpa ediləcək, bu proseslə məşğul olan sahibkarlara dəstək veriləcək. Bu ərazilərdə tütünqurutma və baramaqurutma məntəqələrinin qurulması da həyata keçiriləcək.
Ən əsas məsələlərdən biri də odur ki, həmin ərazidə məskunlaşmaq üçün qayıdan vətəndaşlarımız təsərrüfatla məşğuliyyətinə uyğunlaşması üçün məsləhət informasiya mərkəzləri ilə təmin olunacaq. Məlum məsələdir ki, həmin ərazilərdən məcburi köçkün düşmüş insanlar uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğul olmur, yaxud işğaldan sonra doğulan uşaqların kənd təsərrüfatı ilə bağlı anlayışları yoxdur, yeni texnologiya barədə məlumatsızdırlar. Ona görə də həmin şəxslərə yardım məqsədilə mərkəzlərin yaradılması planlaşdırılır. Həmin mərkəzlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçiriləcək”.