Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 09:36
"Laçın Dəhlizinin Ordumuz tərəfindən nəzarətə götürülməsinin bizə ən böyük üstünlüyü o olacaq ki, biz düşmənin ən əsas təchizat və təminat yolunu bağlayacağıq".
Bunu Sonxeber.net-a açıqlamasında ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib.
Polkovnik bildirib ki, Laçın yolunun ardınca Kəlbəcər yolu da bağlansa düşmən mühasirəyə düşəcək:
"O yol bağlananda Ermənistan ordusu təminat-təchizatdan məhrum olacaq. Yəni ki, bununla biz onların onurğa sümüyünü sındıracağıq. Prezidentin köməkçisi Hikmət Hacıyev də dedi ki, hələ ki, düşmən Laçın Dəhlizini özü bağlayıbdır. Müvəqqətidir bu da, bizimkilərin nəzarətinə keçəndən sonra biz onları yarı can edəcəyik. Ordu da təminat-təchizatla təmin olunmasa heç bir döyüş əməliyyatları apara bilməz. Bu da onların birbaşa məğlubiyyətinə gətirib çıxardacaq.
Kəlbəcər yolu da bağlansa mühasirəyə düşəcəklər
Onların hələ ki, Kəlbəcər yolu açıqdır. Tam şəkildə ora da bağlansa Ermənistan ordusu mühasirəyə düşəcək. Lakin biz burada bir humanist addım atırıq: bunu Prezidentimiz də dedi ki, "Silahlarınızı qoyun, rədd olun gedin". Biz sizə bu imkanı yaradırıq. Onlar bunu dərk edirlər ki, Laçın yolunun ardınca Kəlbəcər yolu da bağlansa mühasirəyə düşəcəklər. Bir yolları qalır, silahı yerə qoyub, əllərini qaldırsınlar. Bu bir şansdır bunlara verilib. Ölmək istəmirsinizsə, çıxın gedin. Hələ ki sizə şans veririk. Biz bununla bir daha öz humanistliyimizi göstəririk. Bu da onların rəhbərliklərinin qərarından asılı olacaq. Rəhbərliklərinin bu imkandan necə istifadə edəcəyi, öz ordusuna necə münasibət bəsləyəcəyi burada bir daha bilinəcək.
Düşmən Ağdamı özü boşaldacaq
Ermənilər elə düşünürlər ki, 1990-1992-ci illərin müharibəsidir. Düşünürlər ki, üçüncü bir dövlətin köməyi, təzyiqi ilə torpaqlarımızı işğal edə biləcəklər. Bu, belə deyil. Hər şey göz qabağındadır. Mən düşünürəm ki, həm Laçın Koridoru, həm bizim Şuşamız, sonra da Xankəndimiz bu günlük, sabahlıqdır. Əgər Xocavənd də Ordumuzun nəzarətinə keçsə, heç Ağdama hücum etməsək də olacaq. O vaxt demək olar ki, Ağdam mühasirədə qalacaq. Düşmən istər-istəməz Ağdamı özü boşaldacaq. Bu da bizim komandanlığın ağıllı gedişidir ki, bir də Ağdama hücum edib şəxsi heyyəti itirməməkdən ötrü mühasirəyə salmaq imkanımızdan yararlanır".
Təhməz Əsədov