Tarix: 6 Iyul 2019 20:16
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani"nin yeni transferi Jozef Ekuban Ağdam klubu ilə iyulun 10-da keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.Qol.az xəbər verir ki, Albaniyanın "RTSH SPORT" telekanalına danışan qanalı hücumçu Azərbaycan təmsilçisinin güclü komanda olduğunu etiraf edib. Ancaq 19 yaşlı futbolçu mərhələni keçmək üçün əllərindən gələni edəcəklərini bildirib:
"Çox yaxşı kollektivimiz var. Hamımız məşq edirik və baş məşqçinin verdiyi tapşırıqları səhvsiz yerinə yetirməyə çalışırıq. "Qarabağ"la iki maraqlı matç oynayacağıq. Düzdür, çətin rəqibdir, amma biz mümkünsüzü gerçəkləşdirəcəyik. Ondan sonra necə olacaq, bunu zaman göstərəcək".
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.