Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 04:24
Bakı. Trend:
Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə dünən işə başlamış ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası davam edir. Trend-in məlumatına görə, iclasda Azərbaycan qanunverici orqanının nümayəndə heyətinin başçısı, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Komitə üzvlərinin mühakiməsinə Kiprdən olan deputat Kiriakos Hadjiyanninin hazırladığı və təklif etdiyi qətnamə layihəsi çıxarılıb.
Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişiyev deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və Azərbaycan icmaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında birgə yaşaya bilərlər və yaşamalıdırlar. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 20 faizinin işğaldan azad edilməsindən sonra mümkündür. Mirkişilinin sözlərinə görə, işğal faktı və etnik təmizləmə siyasəti beynəlxalq hüquqa ziddir və insan hüquqlarını pozur.
Azərbaycan nümayəndə heyətinin başçısı Bahar Muradova münaqişə zonası ilə bağlı 33-cü maddəyə 15-ci düzəlişi etməyi və təkcə münaqişə zonalarında deyil, həmçinin münaqişələrdən və doğma torpaqlarının işğalından əziyyət çəkən şəxslərin nəzərə alınmasını təklif edib. İclasın sədri və layihənin müəllifi, habelə deputatların iştirakı ilə ardıcıl davam edən məsləhətləşmələrin gedişində və Azərbaycan nümayəndə heyətinin başçısının inandırıcı əsaslandırması nəticəsində konsensus əldə edilib.Bundan sonra B.Muradovanın qətnamə layihəsinə təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin