Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 14:15
Sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, işğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi:
"Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı".
Deputatın sözlərinə görə, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır:
"Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.
Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyanın məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır!".