Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 19:27
Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Döyüş meydanında qazandığınız və 2020-ci il 10 noyabr tarixli bəyanatla təsdiqlənən Qələbə münasibətilə Ali Baş Komandan olaraq Zati-alinizi, qəhrəman Azərbaycan Ordusunu, bu uğurlu mübarizənin arxasında qətiyyətlə dayanan Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əziz Vətən torpaqlarının azad edilməsi uğrunda aparılan bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinə, Ermənistanın xain hücumları nəticəsində həyatlarını itirən azərbaycanlı bacı və qardaşlarımıza rəhmət diləyir, yararlıların tezliklə sağalmasını arzu edirəm.
Siz "Dağlıq Qarabağ Azərbaycandır!" dediniz və sözünüzü yerinə yetirdiniz. 28 illik işğal müddətində haqqı tapdalanan və əziyyət çəkən Azərbaycan ədaləti öz imkanları hesabına təmin etdi, öz torpaqlarını özü geri aldı. Nümayiş etdirdiyiniz güclü liderlik bacarığınız və Azərbaycan Ordusunun apardığı mübarizə tarixə qızıl hərflərlə yazılacaq.
Necə ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Bakıda bir olduq, necə ki, Azərbaycanın torpaqları işğal altında olarkən dərdiniz dərdimiz oldu, bu gün də Azərbaycanın şanlı Qələbəsinə sevindik, bundan qürur hissi keçirdik.
Azərbaycanın qətiyyətli mübarizəsi nəticəsində imzalanan razılaşmaların regionda davamlı sülh və sabitliyin bərqərar olmasına imkan yaradacağına inanırıq. Ümid edirik ki, Ermənistan artıq işğal və təcavüz siyasətinin nəticə verməyəcəyini anladı.
Əvvəlcədən dediyimiz kimi, bundan sonrakı prosesdə atılacaq addımlarda da Azərbaycanın yanında olacağıq. Digər ölkələrin parlamentlərində Azərbaycanın haqlı mübarizəsi barədə danışmaq və onu müdafiə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Həmişəkindən daha güclü və yüksək səslə deyirik: Eşq olsun Azərbaycan xalqına! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!".