Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 12:00
Bakı. Samir Əli - Trend:
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Bahadur Əsgərov yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bahadur Əsgərov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.