Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 20:48
Qırx dörd günlük Vətən müharibəsində parlaq qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun sıralarında mərdliklə döyüşərək şəhadət zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də Cəbrayıl rayonunun Qumlaq kənd sakini şəhid Əyyub Süleymanovdur. Onun əsas arzusu hərbçi olmaq və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək olub. Vətən yolunda canını fəda edən şəhidimiz arzusuna çatdığını elə öz ata yurdu olan Cəbrayıldan ailəsinə xəbər verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Əyyub hələ yeniyetmə yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb. Çünki onun əsas amalı heç vaxt görmədiyi ata-baba yurdu Cəbrayıla qovuşmaq idi. Vətənə xidmətini yerinə yetirməyə yollanarkən də hücum əmrinin verilməsi arzusu ilə yola düşüb. O, ordu sıralarından tərxis olunmadan arzusuna çatdı və şanlı ordumuzun sıralarında Vətən torpağını yağı düşməndən azad etməyə yollanır.
Şəhidin atası Rasim Süleymanov doğma yurdunun azad edilməsində payı olan şəhid oğlu ilə fəxrlə danışır: "Əyyub hələ kiçik yaşlarından Cəbrayılı, kəndimiz Qumlağı soruşurdu. Deyirdi ki, ata böyüyüb hərbçi olacaq, torpaqlarımızı yağı düşməndən azad etmək üçün canımı fəda edəcəyəm. Hərbi xidmətə yollanarkən deyirdi ki, xidməti başa vurandan sonra ordu sıralarında qalacağam. Döyüşlərdə olarkən imkan tapanda bizimlə əlaqə saxlayırdı. Cəbrayıl azad olunan gün zəng etdi və dedi ki, ata, mən sənə doğma yurdundan zəng edirəm və bütün torpaqlarımızı azad edəcəyik. Onun döyüş yolu Zəngilan, Qubadlı istiqamətində davam etdi. Laçın döyüşlərində isə oğlum şəhidlik zirvəsinə ucaldı".
Şəhidin bacısı Gülnurə Qarazadə hər zaman fəxr etdiyi qardaşı barədə indi daha böyük iftixar və qürurla söz açır: "Qardaşım xalqına, dövlətinə, bayrağına sadiq övlad idi. Yeganə arzusu hərbçi olmaq idi. Onun bu sevgisi xidmət etdiyi hərbi hissədə də özünü büruzə verirdi. Elə ona görə də döyüş bayrağının mühafizəsi Əyyuba həvalə edilirdi. Döyüşlər başlayanda zəng etmişdi, torpaqlarımızı azad etməyə yollandığını sevinc hissi ilə bizə bildirdi. Oktyabrın 6-da zəng edərək ata-baba yurdumuz Cəbrayılda olduğunu, bizimlə də oradan danışdığını dedi. O, özünü şəhid olmağa hazırlamışdı. Deyirdi ki, son damla qanıma qədər Vətənimi müdafiə edəcəyəm, şəhid olsam ağlamayın.
Şəhidin anası Şüşən Əsədova oğlu ilə fəxr etdiyini bildirib: "O, hər zaman torpaqlarımızın azadlığı uğrunda döyüşlərə yollanmağa can atırdı. Torpaqlarımızın azad olunmasında mən də iştirak edəcəyim fikri heç vaxt onun dilindən düşməzdi. Çünki bu, onun ən böyük arzusu idi və oğlu arzusuna çatdı. O, torpaqlarımızın azad olunması xəbərlərini bizə böyük sevinc hissi ilə xəbər verirdi. Mən fəxr edirəm ki, oğlum Vətən uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin".