Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi Xəyalın qeydlərindən: “Çənəm yox idi, artıq onlar tərəfdə idim...”

Qazi Xəyalın qeydlərindən: “Çənəm yox idi, artıq onlar tərəfdə idim...”

Tarix: 6 Dekabr 2020 20:10

Sonxeber.net qaynarinfo-ya istinadən qazi Xəyal Qurbanovun qeydlərini çatdırır:

...Bizimkilər ermənilərin bir istehkamına girməyə 4 gün çalışdı, güclü post idi, fikirləşirdilər ki, orda bir ordu var, girib görüblər ki, cəmi 3 minamyotçu, bir snayper var.
 
***
 
Biz İncə çayı ətrafında toplanmışdıq döyüş üçün, ora gətirilən yaralıları və şəhidləri yerbəyer edirdik. Şükür o günlər daha geridə qaldı, torpaqlarımız da azad edildi. Erməni snayperleri son dövrlər çalışırdılar ki, ayaqdan vurub yaralasınlar, çünki bizimkilər neytralda yaralı və şəhid qoymurdular. 1 yaralı üçün 2 əsgərimiz getmək istəyəndə onları da vururdular.
 
***
 
Vurulmuş texnikamıza bombalar bağlayırdılar, bilirdilər ki, gəlib aparacaqlar, kimsə diqqətsiz olanda bomba partlayırdı.
 
***
 
...Yaralandım, "bura qədərmiş" dedim, neytralda deyildim, artıq onlar tərəfdə idim. Kəlimeyi-şəhadət gətirdim, Allahu-Əkbər dedim, elə bil mənə güc gəldi. Qalxdım ayağa, çənəmi hiss eləmirdim, gizildəyirdi nəsə, dəri sallanırdı, nəfəs ala bilmirdim, qalxdım yeriyə-yeriyə neytrala tərəf getdim. Əvvəl gizlənə-gizlənə gedirdik, yaralanandan sonra sanki vecimə deyildi. Minamyot yağırdı, yeriyirdim yenə. 1 km-filan gəldim, yolun yarısında, qanaxmam çox idi deyə gözlərim qaraldı, özümü sağ tərəf üstə yerə yıxdım, bir az dincəldim, sonra yenə qalxdım. Hamı canının hayında idi, çənəm də yox idi, ümumiyyətlə, məni görən qorxurdu. Gəldim, bir az da yeridim, bir nəfər kəmərimdən tutub kömək elədi. Kəndə qədər yeridim, təxminən 3-4 km-dən sonra sanitarka gəldi. Morfi vurdular, məni apardılar Naftalana, orda ilk yardım göstərdilər, oradan Yevlaxa, Yevlaxdan da gecə ilə Bakıya yolladılar. Bakıda deyiblər ki, bir əsgər gəlir, çənəsi yoxdu, heç kim inanmayıb. Həkim deyirdi ki, gələndə həqiqətən çənən yoxdu, həm də ilk tibbi yardımı kim eləmişdisə sag olsun, böyük iş görüb, o qurtarıb həyatını.
 
4 dəfə əməliyyat oldum, birində 12 saat, digərlərində isə 4 saat, 7 saat. Reanimasiyada olanda 4-5 dəfə ürəyim dayanıb, birini hiss elədim, nəfəs ala bilmirdim, aparat cingildədi, işarə elədim, həkimlər töküldülər, ürəyim yerindən çıxırdı az qala. Sonra gözlərim bağlandı, neçə saat sonra ayıldım.
 
Allah mənə 2 dəfə həyat bəxş etdi, bilmirəm atama, anama, kimə görə etdi, nəyə görə etdi, amma olan budur ki, etdi, mənə 2 dəfə həyat bəxş etdi. Öldürməyəndə öldürmür Allah. Şükür bu günə yaxşıyam, inşallah, daha da yaxşı olacam".
 
Məlumatı paylaşdığı üçün Rövşən Çırağa təşəkkür edirik.


Etiketlər:  Qazi Xəyalın qeydlərindən Çənəm artıq onlar tərəfdə idim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ