Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 12:40
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də 27 yaşlı Cəfərov Cavid Fərhad oğludur. Müharibənin ilk günlərindən döyüşə atılan Cavid, oktyabrın 2-də yaralı komandirini ərazidən çıxarmağa çalışarkən snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb.
Sonxeber.net bildirir ki, qafqazinfo-nun əməkdaşları şəhid Cavid Cəfərovun ailəsində olub, anası Nəzakət Cəfərova ilə söhbətləşib.
Nəzakət xanım bildirib ki, Cavid əsgərliyini başa vurduqdan sonra, orduda xidmət etmək qərarına gəlib. O, hərbi xidmətə MAXE-əsgər kimi davam edib.
Nəzakət Cəfərova oğlunun şəhid olması ilə bağlı xəbəri də elə oktyabrın 2-də alıb. Ona Sumqayıt şəhər İcra Hakimiyyətindən zəng ediləndə, şəhid anası yolda olub. Bu zaman Cavidin adı çəkilən kimi o, özündən asılı olmayaraq qışqırıb və bilib ki, oğluna nəsə olub.
Cavidin qardaşı Xəyyam Cəfərov isə bir müddətdir Türkiyədə çalışır. Xəyyam qardaşının şəhid olmasından gec xəbər tutub. O, Cavidin şəhid olmasını dostlarının ona yazdığı başsağlığı mesajlarından sonra öyrənib.
Nəzakət xanımın sözlərinə görə, dekabrın 1-də Cavidin doğum günü idi. O, həmin tarixdə oğlu üçün nişan aparmağı planlaşdırırmış. Bunun üçün anası nişan üzüyü də almışdı. İndi Cavidin nişan xonçaları onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarının üzərinə qoyulub...
Qeyd edək ki, Cavid Cəfərovun atası Fərhad Cəfərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Ata Cəfərov Ağdamın Çəmənli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Cavid 4 yaşında ikən atasını itirib.