Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan turizmində Qarabağ bölgəsinin rolu əvəzedilməz olacaq - Ekspert

Azərbaycan turizmində Qarabağ bölgəsinin rolu əvəzedilməz olacaq - Ekspert

Tarix: 11 Dekabr 2020 13:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan Qarabağın turizm potensialından istifadə etmək istəsə də, buna nail ola bilmədi. Lakin qüdrətli Azərbaycan dövləti çox yaxın illərdə Qarabağımızda ermənilərin 27 ildə yarada bilmədiyi turizm sənayesini yaradacaq, buna heç kimin şübhəsi olmasın.

Bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan turizmində Qarabağ bölgəsinin rolu əvəzedilməz olacaq:

“Biz 27 il idi ki, bu potensialdan istifadə etməkdən məhrum olmuşduq. Bu 27 il ərzində ermənilər bir sıra tanıdıcı tədbirlərlə Qarabağa az sayda turist cəlb edə bildi. Qafqaz turları ilə yaxından maraqlanan bir çoxları Qarabağa gəlmək istəyirdi, amma onlar biləndə ki, Qarabağa Azərbaycan dövlətinin icazəsi olmadan səfər edərsə, arzuolunmaz şəxslər siyahısına düşəcək və nə vaxtsa ölkəmizə gəlmək istəsə, buna icazə verilməyəcək, onda səfərlərini təxirə salmalı olurdular”.

F.Hacıyevin fikrincə, Ermənistan işğal altında saxladığı Qarabağda demək olar ki, turizm sənayesi formalaşdıra bilmədi. Buna səbəb maddi resursların azlığı və ya nə vaxtsa Azərbaycanın işğala son verəcəyi fikri ola bilərdi:

“Uzun müddət işğal altında olan rayon və şəhərlərimizdəki hotellərlə bağlı da kiçik bir araşdırma edərkən məlum oldu ki, xaricilərə təklif olunan Qarabağ tur paketlərindəki hotellərin böyük qismi Qarabağda yox, Gorusda yerləşib. Şuşada 2 ulduz sayıla biləcək 4, 3 ulduz sayıla biləcək 1 hotel var. Çox aşağı səviyyəli 1-2 istirahət mərkəzini saymasaq, Laçında ümumiyyətlə hotel yoxdur. Kəlbəcərdə 2 ulduzlu 2 hotel olub. Bir sözlə, Şuşa, Laçın, Kəlbəcər şəhərlərində hotel yox dərəcəsindədir”.

Azərbaycanın çox tezliklə Qarabağ bölgəsində infrastruktur quracağına əminliyini bildirən ekspert hesab edir ki, işğaldan azad edilmiş ərazilərimizdə turizm infrastrukturunun qurulması, yeni hotellərin tikilməsi bu bölgənin turizm potensialından daha səmərəli istifadəyə imkan yaradacaq.

F.Hacıyev hətta bunu da istisna etmir ki, infrastruktur qurulduqdan sonra Qarabağ bölgəsində dünya səviyyəli brend hotellərin inşası üçün də işlər aparıla bilər. Bütün bu işlər bölgənin çox tez bir zamanda iqtisadi dirçəlişinə təkan verə bilər.


Etiketlər:  Azərbaycan turizmində Qarabağ bölgəsinin rolu əvəzedilməz olacaq Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ