Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 08:36
Havaların soyuq keçməsi ürək xəstələri üçün risk faktoru hesab edilir. Orqanizm soyuduğu zaman ürək daha çox qan vurmağa çalışdığı üçün soyuq havalarda ürəyin işi artır.
Soyuq havalarda, əsasən də payız və qış mövsümündə temperatur aşağı düşdükcə beyin orqanizmin temperaturunu sabit saxlamağa çalışır. Bu səbəbdən də ürək daha çox döyünməyə başlayır. Bu da dolayısıyla ürək əzələlərinin və damarların işini artırır. Əzələ və damarlarda soyuq hava səbəbindən əmələ gələn gərginlik ürək xəstələrinin kriz keçirmə riskini artırır.
Qış fəslində infeksion xəstəliklərin artmasının da ürək xəstələrinə mənfi təsiri böyükdür. Havanın dəyişməsi və temperaturun birdən-birə düşməsi ağciyər infeksiyalarının yayılmasına səbəb olur ki, bu da ürək xəstələrinin işini daha da çətinləşdirir. Bu səbəbdən də mütəxəssislər ürək xəstələrinin infeksiyaya yoluxmuş insanlardan uzaq durmalarını tövsiyə edir. Mütəxəssislər ürək xəstələrinin küləkli havalarda az gəzmələrini və ictimai ortamlardan uzaq durmağı məsləhət bilir. Çünki ətrafdakılardan infeksiyaya yoluxmaq təhlükəsi onların vəziyyətini ağırlaşdırır. Soyuq havalar aşağıdakı ürək xəstəliklərindən əziyyət çəkən adamlar üçün daha təhlükəli sayılır:
- koronar arteriya damarlarında patologiya olan
- ürək-damar çatışmazlığından əziyyət çəkən
- baypas əməliyyatı keçirən
- infarkt keçirən.
Yuxarıda adları çəkilən xəstəliklərin soyuq havalarda kəskinləşmə riski 2 dəfə artıq olur.
Həkimlər ürək xəstələrinin soyuq qış aylarında öz sağlamlıqlarına qarşı daha diqqətli olmalarını qeyd edir. Əgər ürək xəstəsi siqaret çəkirsə, həkimlər ən azından soyuq havalar zamanı onu atmağı məsləhət bilirlər. Ürək xəstələrinin həkimin təyin etdiyi dərmanları vaxtlı-vaxtında qəbul eləməsi də əsas şərtlərdən biri hesab edilir. Bunlardan başqa ürək xəstələri soyuq havalarda idmanla məşğul olmamaı, şaxtalı havalarda bayırda çox gəzməməlidirlər. Əgər bayıra çıxsalar mütləq isti geyinməli, sinə və baş hissələrini daha isti saxlamalıdırlar.