Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 21:56
Xalqımız illərdir düşmənin işğalı altında olan torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışırdı. Ancaq mənfur düşmən dövlətimizin başçısının sülhsevər siyasətini qəbul etmir, qeyri-konstruktiv mövqe sərgiləyirdi. Eyni zamanda, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan silahlı qüvvələri mütəmadi olaraq cəbhəboyu mövqe və yaşayış məntəqələrimizi atəşə tutmağa, təzyiq altında saxlamağa çalışırdı. Sentyabrın 27-də düşmənin həyata keçirdiyi növbəti genişmiqyaslı təxribatlar səbrimizin daşıran son damla oldu. Törədilən təxribatların qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandanımız tərəfindən əks-hücum əmri verildi. Biz bu əmri illərdir həsrətlə gözləyirdik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Rəşad Camalov 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Qələbə ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək və ermənilərin xalqımıza qarşı illərlə törətdikləri vəhşiliklərin qisasını almaq eşqi ilə düşmən üzərinə ildırım kimi şığıdığını vurğulayan hərbi qulluqçu deyib: "Bizim qrupumuz da qarşıya qoyulan döyüş tapşırığının öhdəsindən gəlmək üçün Murov dağı yüksəkliyi və Kəlbəcər istiqamətində əks-hücum əməliyyatına başladı. Döyüşlərin ilk günündən etibarən düşmənin bir neçə hərbi təyinatlı obyektini, texnika və canlı qüvvəsini məhv etdik, onların torpaqlarımızda qurduqları mövqelərindən bir neçəsini ələ keçirdik. Ordumuzun qısa müddətdə bu qədər irəlilədiyini görən düşmən ciddi təşviş içində idi. Cəsur döyüşçülərimizin qarşısından qaçmaqdan başqa çıxış yolu tapa bilmirdilər. Düşmən bölmələri döyüş meydanında idarəçiliyi tamamilə itirərək mövqe, texnika və silah-sursatlarını ataraq qaçırdılar. Bunu gördükdə biz daha da ruhlanır, daha qətiyyətlə düşmən üzərinə irəliləyirdik. Döyüşlər zamanı yaralanmağıma baxmayaraq, fikrim yalnız şəhidlərimizin qisasını almaq və işğalçılığa son qoymaq idi. Şükürlər olsun ki, Zəfər Gününün sevincini yaşamaq mənə də nəsib oldu. Fəxr edirəm ki, Qalib Ordunun hərbçisiyəm".