Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 22:36
İkinci Qarabağ müharibəsində Kamal Hüseynovun bəxtinə cəmi 7 gün döyüşmək nəsib olub.
Çoxdurmu, azdırmı?
Yəqin bununla razılaşanlar tapılar ki, kimin bəxtinə nə qədər ömür sürmək heç kəsin özündən asılı olmadığı kimi, müharibədə də düşmənə qarşı nə qədər döyüşmək alın yazısıdır.
Elə sağ qalıb-qalmamaq da...
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kamal Hüseynov sentyabrın 21-də hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də Füzuli rayonun Horadiz kəndində ilk döyüşə, oktyabrın 2-də isə Aşağı Əbdürrəhmanlı kəndində ikinci döyüşə girib. İlk döyüşdə əlindən yüngül yara alıb, ikinci döyüşdə isə...
...Erməni hərbi birləşmələrinin yaraqlıları yeraltı bunkerə çəkilib Milli Orduya qarşı müqavimət göstərirdilər. Onlar bunkerdə gizlənərək əsgərlərimizin mövqeyinə doğru ən müxtəlif silahlardan, minomyot və toplardan atəş açır, illərdən bəri keçilməz sədd kimi düzəltdikləri səngərdən geri çəkilmək istəmirdilər. Quldurların atdığı növbəti atəşin hədəflərindən biri də Kamal olur. Güllə onun sinəsini nişangaha çevirərək kürəyindən çıxır. Döyüşçü yoldaşları onu atəş altından çıxararaq hospitala göndərirlər.
Bir neçə gün Füzuli Rayon Mərkəzi Xəstəxanasında, bir neçə gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, sonra isə Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında müalicə olunub. Həkimlər Kamalın üzərində cərrahi əməliyyat apararaq onu yenidən həyata qaytarıblar. Kamal Hüseynovun döyüş yolu elə burdaca bitib. Həkim və tibb işçilərinin göstərdiyi birgə səylər nəticəsində sağalaraq ayağa qalxıb.
Artıq Kamal bir neçə gündür ki, çalışdığı "Kontakt Home" şirkətində işə çıxır, kredit mütəxəssisi kimi fəaliyyətini davam etdirir.
Peşmandırmı? Təəssüflənirmi?
Əlbəttə, təəssüflənir...
Anasının dünyaya göz açdığı Qorqan kəndinə döyüşçü kimi qədəm basa bilmədiyinə, Füzuliyə sancılan bayrağı canlı şahid kimi öz gözləri ilə görmədiyinə görə... Bunu etmək, bu möhtəşəm hadisənin canlı şahidi olmaq Kamalın qismətində yox imiş. Əvəzində həmin sevincli günü yaşamaq onun döyüş yoldaşlarına qismət olub.
Müharibə çox amansızdır. Onun amansızlığı təkcə qətlinə fərman verdiyi nakam və yarımçıq talelər, yarımcan, şikəst etdiyi insan ömürləri, viran qoyduğu həyat deyil, həm də beşikdəcə boğduğu arzulardır.
Vətən, torpaq, yurd istəkli arzular...
Bu gün Qarabağ qazisi Kamal Hüseynov həm də ona görə təəssüflənir ki, onunla bir səngərdə döyüşən Muxtar Qasımlı, Afiq Qulamlı və Vahid Abbasov xalqımızın Vətən müharibəsindəki Qələbə sevincini, doğma yurda qovuşmaq xoşbəxtliyini yaşaya bilmədilər. Bu çətin və ağır sınaq günlərində çoxlu etibarlı dostlar tapdığına isə çox sevinir. Onlardan biri sumqayıtlı Elnur qızğın döyüş getdiyi vaxtda öz həyatını təhlükə qarşısında qoyaraq yaralı vəziyyətdə olan Kamalı hadisə yerindən uzaqlaşdırıb.
Döyüş yolunun uzunu, qısası olmur. Bu yol səngərə girdiyin ilk gündə, irəli atıldığın ilk döyüşdə də qırıla bilər, sonuncu günədək uzana da... Bu yolun nə qədər çəkməyi əsas deyil. Əsas odur ki, həmin səhnəni yaşayan hər kəs hər şeyə başqa cür baxır, dünyaya, həyata, insanlara münasibəti dəyişir. Vətən müharibəsinin iştirakçısı olan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunu 26 yaşlı Kamal Hüseynov da indi xeyli dəyişib. Şahidi olduğu hadisələr, Milli Ordu əsgərlərinin cəsurluq nümunəsi, düşmənin ölümsaçan atəşləri üstünə dik yeriyən oğullar və bütün bunların sayəsində xalqımızın tarixi torpaqlarına qovuşması elə bil onu öz yaşından xeyli böyük edib.
Altı həftə davam edən Vətən müharibəsində xalqımızın qazandığı tarixi Zəfər Bakının Lökbatan qəsəbəsində yaşayan Hüseynovlar ailəsinin də böyük sevincinə səbəb olub. Atası Elçin, anası Mərcan, qardaşı Elvin, ömür-gün yoldaşı Xədicə bu möhtəşəm Qələbənin qazanılmasında Kamalın da zərrə qədər də əməyi olduğuna görə qürur duyur və sevinirlər.
Həm də hələ təzə-təzə danışmağa başlayan Selcanın dilində "ata" kəlməsi donmadığına görə...