Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 12:32
"Rüfət Əliyev 1992-ci ildə dekabrın 6-da Bakıda anadan olub. Bakıda 27 nömrəli orta məktəbi bitirdikdən sonra universitetə qəbul olub. 2014-cü ildə ali təhsilini bitirdikdən sonra əsgərliyə yollanıb. Əsgərlikdə kəşfiyyatçı kimi xidmət edib. Xidmətini fəxri fərmanla başa vurub. Rüfətin arzusu idi ki, Hərbiçi olsun".
Bunu Sonxeber.net-a açıqlamasında Vətən Müharibəsinin şəhidi olan DSX giziri Rüfət Əliyevin ailəsi deyib.
Şəhidin ailə üzvləri bildiriblər ki, Rüfət Əliyev də düşmənin minaatan zərbəsindən sonra şəhadətə çatıb:
"Hava limanında işləyirdi. Hərbiyə olan sevgisinə görə buradakı işindən ayrılıb, DSX-ya sənəd verdi və qəbul olundu. Rütbəsi gizir idi. Kurs keçmək üçün Lənkərana, Ağgölə, Daşkəsənə apardılar. Müharibə başlayandan sonra isə ilk öncə Füzuli istiqamətində, daha sonra Hadrut, Xudafərin, Cəbrayıl, Zəngilan istiqamətində əməliyyatlarda iştirak edib.
Döyüş əməliyyatlarında qrupa başçılıq edirdi. Gecə əməliyyatdan sonra yanlarına minaatandan mərmi düşüb, onun qəlpəsi nəticəsində şəhid olub. Rüfətlə bərabər üç hərbiçi yoldaşı da şəhid olub. Noyabrın 6-da ailəsi ilə danışıb, 8-də isə şəhid xəbəri gəlib. Elə həmin gün də şəhidlər xiyabanında dəfn edilib.
Rüfət nişanlı idi. Evi hazır idi, ailə qurmaq üçün hər hazırlığını görmüşdü. Arzu edirdi ki, müharibədən sonra Bakıya gəlib, xidmət etdiyi qoşun növlərində işləsin və ailə qursun.
Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub".
Təhməz Əsədov