Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 19:18
Türkə çarə üsulu belə banka qoymağın 3 min illik keçmişi var. Tibbin inkişaf etmədiyi dövrdə insanlar məhz bu üsulla xəstələrini müalicə edirdilər.
Faydası və zərərləri isə mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.
Sonxeber.net immunitet.az-a istinadən bildirir ki, Türkiyənin Fiziki Tibb və Reabilitasiya mütəxəssisi həkim Köksal Holoğlu bu üsulun xüsusilə son zamanlar dünyada daha da məşhurlaşdığını bildirib. Onun sözlərinə görə, xarici ulduzlar da məhz bu üsuldan kifayət qədər istifadə edirlər:
"Faydalı olduğu tibbi cəhətdən təsdiq edilib. Sadəcə qısa müddətdə beldə göyərmə meydana gəlir ki, bu da sonra bədəndən sovrularaq gedir".
Həkim, banka qoymağın hər növ bədən soyuqlaması, baş, boyun, ayaq, diz ağrılarına faydalı olduğunu qeyd edərək sinir sıxışmasına da müsbət effekt verdiyini söyləyib.
Türkiyənin sahə üzrə digər uzman doktoru Eser Alptekin isə bu fikirlərin əksinə olaraq keçmiş üsulun zərərli olduğunu deyib. O, insanların bilmədən özlərinə zərər verdiyini qeyd edib:
"İnsanlar düzgün tətbiq etsələr faydasının olması mümkündür. Amma bilməlidirlər ki hər xəstəyə banka qoymaq olmaz. Bel yırtığı olanlar qətiyyən bu üsuldan istifadə etməməlidirlər. Bu, ağrının aparmaq əvəzinə daha da pis hala gətirərək dözülməz ağrılara və fəsadlara səbəb ola bilər".
Qeyd edək ki, bu mövzu azərbaycanlı mütəxəssislər arasında da mübahisəli mövzu olaraq qalır. Bir müddət öncə təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd, tibbi bankalardan istifadə edildiyi təqdirdə faydasının əvəzsiz olduğunu qeyd edib. O, adətən soyuqdəymələr zamanı bu üsulun çox faydalı olduğunu əlavə edib.
Fizioterapevt Zaur Əliyev isə əksinə olaraq bu üsulun istifadəsinə qətiyyətlə qarşı çıxıb. Səbəb olaraq da qaraciyərin yüklənəsini vurğulayıb:
"Banka qoyulduqdan sonra onun yerində yaranmış qan-toxuma ölür və bədəndə qalır. Həmin qan yavaş-yavaş sovrulur və qaraciyərin yüklənməsinə gətirib çıxarır. Qaraciyər də orqanizmə təzə qan vermək üçün həmin ölmüş qanı özünə çəkir".