Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Rusiyanın Həştərxandakı iş adamları onlayn görüş keçirdi (FOTO)

Azərbaycan və Rusiyanın Həştərxandakı iş adamları onlayn görüş keçirdi (FOTO)

Tarix: 22 Dekabr 2020 15:52

Bakı. Samir Əli - Trend:

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiyanın Həştərxan vilayətinin Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxanın iş adamları arasında video-konfrans formatında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Rusiya şirkətlərinin, iri ticarət şəbəkələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Şuranın İdarə Heyətinin sədri Səməd Qurbanov çıxış edərək ölkəmizin dövlətçilik tarixində mühüm hadisə - Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb, münaqişənin tənzimlənməsi prosesində Rusiyanın rolunu diqqətə çatdırıb.

O, qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznes layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirakı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaq.

Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayan S.Qurbanov Azərbaycanın "KDY Logistics" şirkətinin iri logistik terminal yaratması layihəsini qeyd edib. O, bildirib ki, Həştərxanda birgə sosial layihələr də həyata keçirilir. Bunlar arasında Ulu Öndər Heydər Əliyevin abidəsinin açılması, şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi və bir çox digər layihələr də var.

Bütün bunlar Azərbaycan-Həştərxan əlaqələrinin genişlənməsi, eyni zamanda sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.

Görüşdə çıxış edən Həştərxanın Sənaye və Təbii Sərvətlər naziri Denis Afanasyev Həştərxan vilayətinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb, Son illərdə Həştərxanda Azərbaycanın iştirakı, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib. O, diqqətə çatdırılıb ki, Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var.

Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan və Rusiyanın Həştərxandakı iş adamları onlayn görüş keçirdi (FOTO) - Gallery Image Azərbaycan və Rusiyanın Həştərxandakı iş adamları onlayn görüş keçirdi (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycan Rusiyanın Həştərxandakı adamları onlayn görüş keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ