Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitə sayılır

Peyvənd xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitə sayılır

Tarix: 23 Dekabr 2020 22:39

Gələn ilin əvvəllərindən başlayaraq ölkəmizdə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndlərin vurulmasına başlanılacaq. İndi hamını bir sual düşündürür: vaksinlər insanları nə dərəcədə infeksiyadan qoruya biləcək?

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, peyvənd vasitəsilə orqanizmdə süni immunitet yaradılır, lakin yaşlı və xroniki xəstəliyi olanlarda bu, o qədər də təsirli olmaya bilər: "Ümumiyyətlə, peyvəndlər xəstəliklərdən qorunmaqda kifayət qədər səmərəli vasitə sayılır. Artıq istehsal edilən peyvəndlərin üçüncü klinik mərhələsinin ilkin nəticələri də açıqlanıb və müəyyən qədər də təhlil olunub. İstehsalçıların dediyinə görə, peyvəndlərin səmərəsi 90 faiz üzərindədir. Onun tətbiq olunması infeksiyanın üzərində müəyyən qədər dönüşə nail olmağa imkan verəcək. Peyvəndin təkcə sağlam insanlar üzərində deyil, müəyyən yaş qruplarında və xəstəliyi olanlarda da sınağı keçirilib".

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Fərəh Vahabova deyib ki, ümumilikdə peyvəndlər virusdan müəyyən qədər qoruya bilər, lakin vaksin hamıya vurula bilməz, ilk növbədə insanlar müayinə olunmalıdır. Həm də vaksin preparatları elə şəraitdə saxlanılmalıdır ki, səmərəsini itirməsin: "Amerikada istehsal olunan peyvənd - 70 dərəcə S-də, Çində istehsal olunan peyvənd isə -2-8 dərəcə soyuq temperaturda saxlanılır. Peyvənd həmin temperaturdan çıxarılandan dərhal sonra istifadə edilməlidir. Onu saxlamaq, isitmək, dondurmaq keyfiyyətinin itirilməsinə səbəb olur. Keyfiyyətini itirmiş peyvənd isə təsir göstərməyəcək və heç bir səmərə verməyəcək".

Mütəxəssislər bildirirlər ki, peyvənd müalicə metodu olmasa da, xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitələrdən birincisidir. Buna görə vaksinasiyadan sonra da tövsiyə edilən qaydalara maksimum dərəcədə əməl olunmalıdır.

Milli.Az


Etiketlər:  Peyvənd xəstəliklərin yayılmasının qarşısının alınmasında yaxşı vasitə sayılır


RƏYLƏR