Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 19:26
Britaniya və Avropa İttifaqı cümə axşamı nəhayət ki, azad ticarətə dair razılıq əldə ediblər. Bu razılıq Brexit keçid dövrü başa çatmağa bir neçə gün qalmış əldə olunub. Razılıq hələ ki, imzalanmayıb və qarşıda əlavə sürprizlər ola bilər.
2016-cı ildə Avropa İttifaqından ayrılmağa qərar verdiyi referendumdan dörd il yardım müddət, iki baş nazir və iki ümummili seçki keçəndən sonra Britaniyanın ittifaqdan ayrılığı nəhayət cümə axşamı günü yekunlaşıb.
İki tərəf 900 milyard dollar dəyərində ticarət üzərində razılıq əldə edib.
Razılıqdan sonra hər iki tərəf qələbə qazandığını iddia edib.
"Böyük azad ticarət zonası olacaq. Biz həmin zonanın üzvü olacağıq, eyni zamanda isə Birləşmiş Krallıq öz azad ticarət razılıqlarını əldə edə biləcək," Britaniyanın baş naziri Boris Conson bildirib.
"Biz güclü mövqedə olduğumuz üçün indiyə qədər ən hərtərəfli razılıq əldə edə bildik; bu razılıq tarix yazacaq," Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.
Sazişin mətni iki min səhifədən çoxdur və növbəti günlərdə əlavə detallar ortaya çıxdığı üçün müzakirələrin davam edəcəyi gözlənilir.
Razılığa əsasən mallara tarif tətbiq olunmayacaq, amma Britaniya Avropa Birliyinin Vahid Bazar və Gömrük İttifaqını tərk edəcək.
"Əslində bu razılıq ticarət aparmağı çətinləşdirir. Birləşmiş Krallıqla Avropa İttifaqı arasında tircarət yavaşlayacaq və bahalaşacaq. Bunun isə iqtisadi nəticələri var. Amma bəli, bu, qələbə çıxışıdır. Boris Conson Brexit-i həyata keçirmək üçün baş nazir seçilmişdi və o, Brexit-i həyata keçirdi," London Kral Kollecinin Dəyişən Avropa Proqramının direktoru Anand Menon bildirib.
Hazırda sərt karantin rejimində olan Londonda isə insanlar rahatlayıblar.
"Məncə biz çox pis bir il keçirdik, və düzünü desəm məncə bu çox yaxşı xəbərdir. Mən razılığın olmayacağından qorxurdum," London sakini Letti Maklin bildirib.
"Bu, heç bir razılığın olmamasından yaxşıdır, amma yenə də Avropa Birliyini tərk etməyin bütün mənfi tərəfləri də var," London sakini Nikolas Yel deyib.
Həftələrdir balıqçılıq haqları ilə bağlı mübahisələr ticarət danışıqlarının dalana dirənməsinə səbəb olmuşdu. Bu yeni razılığa əsasən isə Avropanın balıqçılıq donanmaları növbəti beş il ərzində tutulan balıq kvotalarının 25 faizindən imtina etməlidirlər.
Britaniya parlamentinin dekabrın 30-da bir araya gəldiyi zaman razılığı təsdiq edəcəyi gözlənilir. Ancaq Brüsseldə Aİ qanunvericiləri razılığı diqqətli şəkildə nəzərdən keçirmək niyyətində olduqlarını və onu imzalamağa tələsmədiklərini söyləyiblər. Bu isə o deməkdir ki, qarşıda bəzi çətinlikliklər yarana bilər.
Britaniyanın Avropanı tərk etmək qərarı bir neçə il davam edən kəskin siyasi debatlar nəticəsində keçirilən səsvermə ilə qəbul olunub və hələ də, olkədə fikir ayrılıqlarına səbəb olmağa davam edir.
Hökumətin proqnozlarına əsasən Brexit növbəti il Britaniyanın ÜDM-nın 2 faizin bahasına başa gələcək. Lakin Conson deyir ki, Britaniya Aİ-dan kənarda "qüdrətli şəkildə inkişaf" edəcək. Bunu isə yanvarın 1-dən etibarən yoxlamaq mümkün olacaq.