Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlunun hərbçi olmasını vəsiyyət edən şəhid kapitan - VİDEO - FOTO

Oğlunun hərbçi olmasını vəsiyyət edən şəhid kapitan - VİDEO - FOTO

Tarix: 28 Dekabr 2020 22:56

Kapitan Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Hələ uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirib, ən qaynar nöqtələrdə zabit kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, xüsusi xidmətlər göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 27-də başlayan Vətən müharibəsində şücaətləri ilə yadda qalıb. Hadrut istiqamətində gedən döyüşlərdə yaralansa da, əsgərlərini darda qoymayıb. Döyüş yoldaşlarını mühasirədən çıxarmağa nail olub.

Atası Pünhan Mahmudov oğlunun son döyüşündən danışarkən deyib: "Əvvəlcə Suqovuşanda, ardınca Cəbrayıl və Füzulinin bir neçə kəndinin azad edilməsində iştirak edib. Baş leytenant idi. Döyüşlər ərəfəsində kapitan rütbəsi verilib. Son döyüşü Hadrut istiqamətində oldu. Döyüş yoldaşları deyir ki, 80 hərbçimiz mühasirəyə düşüb. Emin bir neçə zabit yoldaşı ilə mühasirəni yarıb və yoldaşlarını mühasirədən çıxardıqdan sonra həmin zabitlərlə birgə şəhid olublar. Sonuncu dəfə ayın 11-i danışmışdıq. Elə həmin gecə də şəhid oldu".

Eminin anası Bəsti Məmmədova söyləyir ki, o, hərbçi olmaq istəyəndə ailədə buna etiraz edən olmayıb. Öz arzusu ilə bu müqəddəs formanı geyinib və Vətənə xidmət edib. "O, hərbi məktəbə daxil olandan sonra televiziyada hər dəfə şəhid görən kimi ağlayırdım. Polad Həşimov şəhid olanda da ağlamışam. Özümdən asılı deyildi... Bilməzdim oğlum da şəhid olar", - deyə Bəsti Məmmədova bildirir.

İki övlad atası olan Emin üçüncü övladının yolunu gözləyirmiş. Oğlu olsa atasının, qızı olsa Zeynəb adı qoymalarını tapşırıb. Həyat yoldaşı Aytac Eminin həmişə onu bu günə hazırladığını deyib: "İyul ayında Polad Həşimov şəhid olanda üzgün halda evə gəldi. Dedi ki, internetdən "Şəhidim" mahnısını tap. Mən şəhid olanda fotolarımı bu mahnının fonunda kiçik klip kimi düzəldərsən. Dedim, niyə elə deyirsən. Cavab verdi ki, hamımız torpaqlarımızın azadlığı uğrunda gedəcəyik. Sən hər an hazır ol. Sən hərbçi yoldaşısan, ağlamalı deyilsən. Anama da de ki, ağlamasın".

Eminin arzularından biri də oğlunun hərbçi olması imiş. Dörd yaşı olmasına baxmayaraq, onunla hərbçi kimi davranıb. Ailə üzvləri Eminin vəsiyyətinə əməl edəcəklərini bildirib.

Milli.Az


Etiketlər:  Oğlunun hərbçi olmasını vəsiyyət edən şəhid kapitan VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ