Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 11:14
Şəhid və qazilərimizlə bağlı daha bir qərarın icrası həyata keçirilir. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbi qulluqçıların sığorta borcları və ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şırkətləri tərəfindən ödənilir. Artıq Mərkəzi Bankın nəzarəti altında bu istiqamətdə işlərə başlanılıb . İlkin ödənişlər də verilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, şəhid ailələrinin və qazilərin ipoteka borcları və sığorta ödənişləri sığorta şirkəti tərəfindən ödənilir.
Vətən müharibəsi şəhidlərinin vərəsələrinə, yaralanmış hərbi qulluqçularımıza və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Mərkəzi Bankın departament müdiri Vüsal Qurbanov "XəzərXəbər"ə bildirib ki, bu günədək mindən çox şəhidin vərəsələrinə, 4 mindən çox qaziyə sığorta ödənişi verilib.
Bundan başqa Vətən müharibəsi şəhidlərinin və müvafiq əlillik dərəcəsi almış hərbiçilərə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir. Bu günədək 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri sığorta şirkətləri tərəfindən tam ödənilib.
Hazırda bu istiqamətdə işlər davam etdirilir və prosesin operativliyinin təmin olunması üçün bütün şərait yaradılıb.