Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qız uşaqlarının oğurlanmasına görə ötən il 9 cinayət işi qaldırılıb - Komitə sədri

Qız uşaqlarının oğurlanmasına görə ötən il 9 cinayət işi qaldırılıb - Komitə sədri

Tarix: 30 Dekabr 2020 12:36

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib.

Trend-in xəbər verir ki, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

B.Muradova Azərbaycanda gender bərabərliyi ilə bağlı vəziyyət, mövcud problemlər, görülən işlər və digər məsələlər barədə ətraflı məlumat verib.

Komitə sədri bildirib ki, demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. O qeyd edib ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: "Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb".

B.Muradova vurğulayıb ki, 2019-cu ilin statistikasına əsasən, Azərbaycanda səhiyyə və sosial xidmətlərin göstərilməsində qadınların sayı kişilərdən 54,8%, təhsildə 47,6% və istirahət, əyləncə və incəsənət fəaliyyətdə isə 23,3% çoxdur.

O bildirib ki, məşğul qadınların 82%-i iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qadınların 42,1%-i kənd təsərrüfatında, 18,2%-i ticarət sektorunda, 11,7%-i təhsildə, 6,1%-i səhiyyə və sosial xidmətlərdə, 3,5%-i isə emal sənayesində işləyir:

“2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib. nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb. Məhkəmələrdə hakim qadınların sayı isə 78 nəfər olmaqla 14% təşkil edir”.

Məişət zorakılğı haqqında danışan B.Muradova vurğulayıb ki, 2019-cu ildə məişət zorakılığına görə 1308 cinayət törədilib, qadınlara qarşı 37 qətl hadisəsi olub.

O qeyd edib ki, qız uşaqlarının erkən evliliyə məcbur edilməsi də cinsi ayrıseçkiliyin nəticəsidir. Komitə sədri vurğulayıb ki, Azərbaycan gəncliyi qayğı ilə əhatə olunub və Azərbaycanda bu sahədə ciddi nailiyyətlər əldə edilib. O bildirib ki, həyata keçirilən tədbirlər erkən evliliyin qarşısının alınmasına təsir edib. 15-17 yaşl qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 idisə 2019-cu ildə bu rəqəm 2320 olub və erkən evliliyin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. 2019-cu ildə erkən nikaha məcburetmə ilə bağlı cinayət işi açılmayıb.

B.Muradova əlavə edib ki, qız uşaqlarının oğurlanmasına görə 2019-cu ildə 9 cinayət işi qaldırılıb. O qeyd edib ki, qız uşaqları ilə bağlı monitorinqlərin gücləndirilməsinə ehtiyac var. B.Muradova bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün dövlət tərəfindən bütün şərait yaradılsa da yenə bu sahədə fərqlər mövcuddur.

Müzakirələrdən sonra illik məlumat Milli Məclisdə təsdiq edilib.


Etiketlər:  Qız uşaqlarının oğurlanmasına görə ötən cinayət işi qaldırılıb Komitə sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ