Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”na start verir (FOTO)

Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”na start verir (FOTO)

Tarix: 30 Dekabr 2020 17:09

Bakı. Trend:

30 dekabr 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın onlayn formatda təqdimatı baş tutub.

Fonddan Trend-ə bildirilib ki, təqdimatda çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd ediblər ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, məşğulluğunun təmin edilməsi, müxtəlif spektrli dəstək mexanizmlərinin mövcudluğu, habelə yenilərinin davamlı olaraq yaradılması ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin məşğulluğunun artırılması hər iki qurumun nizamnaməsində yer almaqla, gündəlik fəaliyyətində də xüsusi önəm daşıyır.

Eyni zamanda, proqramının əsas məqsədinin həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının reallaşdırılmasından ibarət olduğu bildirilmişdir.

Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı çərçivəsində 3 müxtəlif istiqamət üzrə: “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu”, “Peşəkar Gənclik” layihələrinin həyata keçirilməsi planlaşdırılır.

“Peşəkar Gənclik” layihəsi çərçivəsində Bakı kəndləri, Abşeron rayonu və Sumqayıt şəhərində iş axtaran və karyerasını müxtəlif sahələrdə qurmaq istəyən gənclər üçün peşə və ixtisaslarına uyğun mövzularda təlim proqramları təşkil olunacaq. Təlim proqramını uğurla başa vuran gənclər təcrübə proqramlarına yönləndiriləcəklər. Son olaraq isə təcrübə proqramlarını uğurla bitirən gənclər münasib iş ilə təmin olunacaqlar. “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsi çərçivəsində gənclərin işlə təmin olunması üçün müxtəlif şirkətlərlə əməkdaşlıq ediləcək. “Biznesini Yarat Marafonu” çərçivəsində isə gənclər arasında biznes marafonları təşkil ediləcək. Pandemiyanın şərtlərinə uyğun olaraq marafona müraciətlər video formatda baş tutacaq. Gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa video çarx vasitəsilə təqdim edəcəklər və həmin müraciətlər “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Marafonun qalibi olan gənclərə ideyalarını reallaşdırmaq üçün aktivlər təqdim ediləcək.

Layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Tədbirdə eyni zamanda Gənclərin Dayanıqlı Məşğulluğu Proqramına müraciət üçün yaradılan www.genc.az saytının təqdimatı da baş tutub. Daha sonra KİV nümayəndələri və gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”na start verir (FOTO) - Gallery Image Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”na start verir (FOTO) - Gallery Image


Etiketlər:  Dövlət Məşğulluq Agentliyi Gənclər Fondu Gənclərin Dayanıqlı Məşğulluğu Proqramına start verir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ