Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 12:12
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak 2021-ci ildə neftə olan tələbatın bərpa olunacağına ümid edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, A. Novak "OPEC+" ölkələri tərəfindən bazarı bir qədər də sabitləşdirmək və hasilatı bərpa etmək üçün doğru qərarlar verəcəyinə ümid etdiyini bildirib: "Ümid edirik, 2021-ci ildə tələbatın o cümlədən bir çox ölkədə artıq başlanan peyvəndləmə nəticəsində, bərpa olunacağını görəcəyik".
Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimlənməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.
Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni, yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.
Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni, ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.