Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 12:04
44 günlük şanlı zəfər tariximizin dərsliklərə salınması ilə bağlı işlərə başlanıb. Artıq bununla bağlı xüsusi dərs mövzuları da hazırlanıb. Prosesin davam etdiyini deyən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu dəyişkliklərin hazırlanmasının müəyyən qrafik üzrə həyata keçirildiyini bildirib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan ordusunun döyüş meydanında yazdığı tarixi gələcək nəsillərin daha rahat öyrənməsi üçün dərsliklərə dəyişikliklər edilir. Artıq bununla bağlı işlərə başlanıb.
Dəyişikliklərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunmuş ərazilər haqqında yeni reallıqların ümumi təhsilin məzmununa daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, bütün təhsil müəssisələrində Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillərin təhlil olunması, "Qarabağ dərsləri", "Qarabağ şahinləri", "Milli qəhrəmanlar", "Qarabağ müharibəsi qəhrəmanları", "Şuşa əməliyyatı" adlı ustad dərslərinin təşkil edilməsi, müharibə şəhidləri və qazilərin daha yaxşı tanıdılması planlaşdırılır.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirdi ki, bütün dərslikləri qısa müddətdə dəyişdirmək mümkün olmadığından hazırda bu proses elektron dərsliklərdə daha sürətlə aparılır.
Dəyişikliklərlə bağlı məlumatlar artıq məktəblərə çatdırılıb. Vəfa Yaqublu bildirdi ki, müəllimlərə göstəriş verilib ki, bu mövzulardan virtual dərslərdə istifadə etsinlər.
Qeyd edək ki, qələbə dərsləri çərçivəsində azad olunan ərazilərlə bağlı onlayn dərslərdə biologiya və tarix fənləri tədris olunur.