Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 15:15
Bakı. Ceyhun Ələkbərov - Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də erməni faşizminin işğalından azad edilmiş yurd yerlərimizə qayıdacaq əhali üçün məqsədli, çevik məşğulluq proqramlarının hazırlanmasıdır. Bu sahədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BƏT-in Moskva ofisinin direktoru Olqa Kulayeva ilə onlayn görüşdə bildirib.
O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Qələbəsindən bəhs edib. İşğaldan azad edilmiş yurd yerlərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılacağını diqqətə çatdırıb. A.Əliyev ödən dövrdə Azərbaycanla BƏT arasında müsbət əməkdaşlıq təcrübəsini qeyd edib.
Nazir müavini bildirib ki, "Azərbaycan Respublikasının 2021-2025-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" layihəsinin hazırlanmasında da BƏT-lə birgə işlərin aparılması nəzərdə tutulur.
Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərinin ekspert qiymətləndirilməsi sahəsində görüləcək birgə işlər qeyd edilib. Əliliyi olan şəxslər, xüsusilə müharibə ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərlə bağlı beynəlxalq təcrübə əsasında peşə hazırlığı kurslarının təşkili üçün xüsusiləşdirilmiş təlim proqramlarının, peşəyönümü testlərin hazırlanması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.