Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 13:12
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirlərlə tələbələrin rəğbətini qazanaraq, ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb.
Trend-in məlumatına görə, “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Ceyhun Məmmədova təqdim edib.
Görüş zamanı rektor İnstitutda təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb.
Aİİ rəhbəri vurğulayıb ki, güclü şəxsiyyət yetişdirmək üçün tələbələrə dərin bilik, zəngin dünyagörüş, yüksək mədəniyyət aşılamaq İnstitutun əsas məqsədlərindəndir. O bildirib ki, vətənpərvər mütəxəssislərin hazırlanması yönündə dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi İnstitutun qarşıya qoyduğu vəzifələrdəndir. C.Məmmədov qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edib, göstərilən yüksək inam və etimadı doğrultmağa çalışır.
Rektor Aİİ-də dövlətin qayğı və təminatı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, ayrıca xarici dil kurslarının təşkil edildiyini, İnstitutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda seminar və görüşlərin təşkil olunduğunu vurğulayıb.
Ali təhsil müəssisəsində qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirən rektor tələbələrə valideyn qayğısı ilə yanaşıldığını nəzərə çatdırıb.
Zöhrab Süleyman İnstitut yarandığı gündən etibarən, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə xüsusi önəm verildiyini qeyd edib. Həmçinin Aİİ-nin mütərəqqi yeniliklərlə cəmiyyətdə nüfuzunun xeyli yüksəldiyini və müsbət imicinin formalaşdığını vurğulayıb.
Z.Süleyman Azərbaycan İlahiyyat İnstitutuna gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin