Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 19:51
Uşaqlar arasında zəhərlənmələrə geniş rast gəlinir. Bu, bütün yaş dövrlərində baş verir. Mütəxəssislərə görə, uşaqlar arasında zəhərlənmələrin böyük əksəriyyəti evdə baş verir. Azyaşlılarda zəhərlənmələr hansı səbəblərdən yaranır? Bunun qarşısını necə almaq olar?
Sonxeber.net "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladğı məqaləni təqdim edir:
Uşaqlar yetkinlərə nisbətən daha ciddi zəhərlənməyə meyillidir. Kiçik yaşlı uşaqlar demək olar ki, rastlaşdıqları hər şeyi yeməyə və içməyə cəhd edə bilərlər. Uşaqlar cazibədar qablaşdırmanı, canlı rəngləri və xoş qoxuları sevirlər və evdə tapılan potensial zəhərlərin çoxu onları cəlb edir.
Əslində, uşaqlıq dövründə rast gəlinən bütün zəhərlənmələrin 90%-dən çoxu evdə baş verir və 5 yaşadək uşaqlar arasında təsadüfən zəhərlənmə ehtimalı daha yüksəkdir.
Uşaqlar tez-tez açıq çantanı və ya hamamda şkafı araşdırdıqda dərmanı şirniyyat ilə qarışdırırlar.
Zəhərlənmə uşaqların kimyəvi maddələr və ya təmizləyici vasitələr olan qablardan maye içdikdə də baş verir.
Adi məişət kimyası məhsulları uşaqların ağır dərəcədə zəhərlənməsinə səbəb ola bilər.
Kimyəvi və ya yuyucu vasitə plastik bir limonad şüşəsində və ya digər qida qabında müvəqqəti saxlandıqda, risk daha da artır.
Zəhər uşaq orqanizminə ən çox ağızdan, dəridən və tənəffüs yollarından (ən çox dəm qazı) daxil ola bilər.
Valideynlərin diqqət etməli olduğu bəzi ümumi məişət zəhərləri:
həblər, dərmanlar: evdə olan və ya qonaq gələn insanların çantalarında ola bilən dərmanlar
hamam otağı: təmizləyici vasitələr, spreylər, ətirlər, saç spreyi, ağız yaxalayıcısı
məişət kimyası məhsulları: təmizləyici vasitələr
qaraj, iş otağı: böcək spreyləri, kerosin, boyalar, yapışqan, batareyalar, şin mayesi, cilalayıcılar, həlledicilər,
qələvilər, turşular, lampa yağı, antifriz
camaşırxana: yuyucu və ağardıcı məhsullar, yumşaldıcılar
həyət: gübrələr, pestisidlər, bəzi bitkilər, o cümlədən bəzi göbələk və giləmeyvə növləri
Məişət zəhərlənmələrinin qarşısı almaq üçün:
Bütün dərmanları və məişətdə istifadə olunan kimyəvi tərkibli məhsulları uşaqların diqqətindən kənarda və əlçatmaz yerdə saxlayın.
Dərman və dərman məhsullarını orijinal qablaşdırmada saxlayın.
Hər istifadədən sonra dərmanları yığışdırın.
Körpələri nəzarətsiz buraxmayın.
Uşağa dərmanları yalnız həkim təyinatı ilə, yaş normalarına uyğun verin.
Qida zəhərlənmələrinin qarşısını almaq üçün uşağa verilən qidaların saxlanma rejiminə və keyfiyyətinə xüsusi diqqət yetirin.