Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 10:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənilərin işğal dövründə meşələrimizi yandırması yalnız oduncaq ehtiyatının tükədilməsi kimi qəbul edilməməlidir.
Bunu Trend-ə “Ekostil-Azərbaycan” Təbiəti Müahfizə ictimai birliyi sədri Elman Yusifov deyib.
Onun sözlərinə görə, meşələrin yanğına məruz qalan torpaq döşənəyində həşəratlar yaşayıblar. Həmin həşəratların 70-80 faizi isə məhsulvermə proseslərində iştirak edirlər:
"Azərbaycan florasında 5000-ə yaxın bitki növü var. Onların 400-ə yaxını ağac, kol bitkisidir. Həmin ağac-kol bitkisinin 150-si çəyirdəkli, meyvəli, giləmeyvəli, yəni qida əhəmiyyətli bitkilərdir. Yanğınlar nəticəsində həmin həşəratların məhvi sonda bitkilərin məhsuldarlığının da azalmasına səbəb olur. Çünki həşəratlar tozlandırıcı canlılardır. Çiçəkli bitkilər isə yalnız tozlandıqdan sonra məhsul verirlər. Bu baxımdan, meşələrin yandırılması məhsuldarlığa təsir göstərə bilər".
E.Yusifov əlavə edib ki, Azərbaycan 40-a yaxın beynəlxalq konvensiyaya qoşulduğuna görə təbiətin mühafizəsində beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyır.
Mütəxəssis qeyd edib ki, ermənilərin bu azğın fəaliyyəti nəticəsində Azərbaycan bu konvensiyaları yerinə yetirə bilməyib. Buna görə də ermənilər bu hərəkətlərinə, Azərbaycan təbiətinə vurduğu zərərə görə cavab verməlidir.