Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük sözü dinləməyən, ömrü az, qabağı yaz olan Kiçik çillə

Böyük sözü dinləməyən, ömrü az, qabağı yaz olan Kiçik çillə

Tarix: 31 Yanvar 2021 22:00

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalq təqviminə əsasən, müxtəlif dövrlərə - çillələrə bölünür. Çillə, əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Bizim müasir dilimizdə çillədən çıxmaq ifadəsi var. Əgər bir adam günlərlə evdən çıxmasa, zarafatla onun haqqında deyərlər ki, filankəs çillə çıxarır. Amma bu zarafatın arxasında böyük bir inam var. Xalq inancında belə təsəvvür var idi ki, qış təbiətin məşəqqətli bir zamanıdır. Bu zamandan aciz insanın çıxması son dərəcə çətindir. Ona görə də düşünülürdü ki, qışdan çıxmaq insanın bayram etməli olduğu bir keçid dövrüdür. O mənada, Böyük çillə, Kiçik çillə, Boz ay mərhələləri Novruz bayramına qədərki çox vacib mərhələlərdir.

Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova deyib.

Qış öz "hökmünü" Kiçik çillə dövründə göstərir

Xalq təqvimində Kiçik çillənin rolundan danışan A.Cəfərova bildirib ki, məlum olduğu kimi, Böyük çillə dönəmində havalar mülayim keçir. Qışın şaxtalı, sərt günləri bu dönəmdə sonrakı mərhələyə nisbətən az olur. Qış öz "hökmünü" sonra - Kiçik çillə dövründə daha aydın göstərir. Qışın ikinci mərhələsi sayılan Kiçik çillə dönəmində hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. El arasında deyilir: "Əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə". Bu Kiçik çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günlük Kiçik çillə nə qədər sərt olsa da, ömrü qısadır. Bu vaxt həm də günlərlə uzanır.

Ərköyün Kiçik çillə

Xalq yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük çillə və Kiçik çillənin bir-birinə qarşı qoyulduğunu qeyd edən Aytən Cəfərova vurğulayıb ki, Böyük çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa da, Kiçik çillə onun əksinə olaraq, öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bu baxımdan professor A.Nəbiyevin fikirləri böyük önəm daşıyır: ...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:

Kiçik Çillə.. Boyu bir belə... Hikkəsi bir belə.. Gəlişi oldu Hayınan. Gedişi oldu Vayınan. Əlində qırmanc, Eli-günü yandırdı, Neçə günahsız doqqaz bağladı, Neçə alaqapı Sındırdı. Kəsdi neçə evin yağmasın, Pendirin, çörəyin, ağmasın...".

Nümunədən göründüyü kimi, Kiçik çillə ərəfəsində hava o qədər soyuq və şaxtalı günlərlə müşayiət olunur ki, insanlara, təsərrüfata kəskin ziyan vurur. İnsanlar lap əvvəllərdən ilin bu dönəmini ilin ən sərt vaxtı kimi qarşılayıblar. Filologiya üzrə fəlsəfə doktoru bu amilə diqqəti cəlb edərək bildirib ki, ilin bu dönəminin sərtliyinin insanların yaşayış tərzinə, təsərrüfata da mənfi təsirlərini nəzərə alaraq hazırlıqlar görüblər. Xalq öz düşüncəsində Kiçik çillə dönəmini "qışın oğlan çağı" da adlandırıb. Ulu əcdadlarımız Kiçik Çillənin bu qədər sərt havalı olmasını maraqlı fəlsəfə ilə qarşılayıblar: evin kiçik övladı həmişə ərköyün olduğu üçün Kiçik çillə də öz ərköyünlüyünü belə göstərir.

Qabağın yazdı, ömrün azdı...

Aytən Cəfərova qeyd edib ki, xalq təfəkküründə Kiçik çillənin Böyük çilləyə "həsədlə" yanaşdığını ifadə edən mifoloji mətnlərdə deyildiyi kimi, əgər Kiçik çillənin də Böyük çillə qədər ömrü olsaydı, "dünyanı öz soyuğu ilə viran edərdi". Mifoloji mətndə Kiçik çillə Böyük çillə ilə "söhbətində" öz hünəri ilə öyünür. Belə ki, bir gün Böyük çillə ilə Kiçik çillə yolda rastlaşırlar. Kiçik çillə Böyükdən soruşur:

-Getdin nə etdin? Böyük çillə deyir: -Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını açdırdım. Kiçik çillə deyir: -Qoy mən gedim, gör neyləyəcəyəm?! Qarıları təndirdən basıb küflədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gələcəyəm. Böyük çillə deyir: -Bacarmazsan... Qabağın yazdı, Ömrün azdı.

Göründüyü kimi, insanlar Kiçik çillənin öz təbiəti ilə yaratdığı fəsadlarından narahat olurlarsa da, ömrünün çox az olduğunu, cəmi 20 gün - fevral ayının 1-dən 21-nədək hökm sürəcəyini düşünüb təsəlli tapırlar.

Kosa-kosadan "əvvəl olan", ancaq ona oxşayan Saya mərasimi

Aytən Cəfərova deyib: "Onu da əlavə edək ki, qışın sərtliyi bu dönəmdə əvvəllər icra olunan mərasimlərlə nisbətən kölgədə qalırdı. İstər Böyük çillədə zamanı icra olunan Saya mərasimi, istərsə də Kiçik çillə dönəmində keçirilən Xıdır Nəbi mərasimi etnosun dirilən təbiətlə bağlı arzu-istəyini ifadə edirdi. Bəzi bölgələrdə bu mərasimi Kiçik çillənin axırıncı - 9 və ya 10-cu günündə keçirirlər. Bir çox bölgələrdə, məsələn Borçalıda bu mərasim birinci çillənin çıxan son gününə təsadüf edir. Naxçıvanda isə xalq arasında Xıdır Nəbi mərasimi Kiçik çillənin birinci ongünlüyündə icra olunur".

Onun sözlərinə görə, Böyük çillədə indi unudulmuş, əvvəllər isə həmişə icra olunan Saya mərasimi keçirilib. Bu barədə folklorşünas M.Kazımoğlu maraqlı məlumatlar verərək yazıb ki, Saya mərasimi qoyunçuluqla birbaşa əlaqəsi olan mərasim idi. Saya mərasimi bizim indiki Kosa-kosa mərasiminə oxşar detallarla müşayiət olunub. Məsələn, adamlar, xüsusi oyunbazlar, məsxərəçilər çoban paltarı geyinər, əllərinə quzu dərisi alıb və qapı-qapı gəzərək xüsusi nəğmələr oxuyaraq pay yığarmışlar:

Salamməleyk say bəylər, Bir-birindən yey bəylər. Saya gəldi gördünüzmü, Sayaya salam verdinizmi?

Sayaçı sözlər adlı janrın adı da bu bayramın qalığıdır. Saya sözü çuvaşlardakı çaya sözü ilə səsləşir. Deməli, digər türk xalqlarında da Saya bayramları keçirilib. Bizdə bu gün bu bayram mətnlər şəklində qalır, mərasim şəklində qalmır. Bu bayram təxminən yanvar ayının ortalarında, qoç sürüyə daxil olan vaxtda keçirilib. Qoçları xüsusi qırmızı parçalarla bəzəyər və onu sevinclə sürüyə qatardılar və ümid edərdilər ki, həmin o saya və ya çaya adlı hami ruh insanlara kömək edəcək ki, məhsul bol olsun.

Bütün bunlar etnosun təqvim və bu təqvimlə bağlı yaranmış olan mərasim düşüncəsinin qədim kökləridir.


Etiketlər:  Böyük sözü dinləməyən ömrü qabağı olan Kiçik çillə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ