Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 23:22
Hazırda ölkədəki epidemioloji vəziyyət nisbətən stabildir. Yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma sayının 4 mindən düşməsi və rəqəmlərin 100-200 arasında dəyişməsi şübhəsiz ki, tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. Son günlər infeksiyaya yoluxanların statistikasında sabitlik virusun aradan qalxması demək deyil. İndinin özündə də xəstəxanalarda ağır xəstələr müalicə alır, təəssüf ki, onların arasında həyatını itirənlər də olur.
Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Natiq Əliyev deyib.
"Bu bir həqiqətdir ki, pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır. Ölkəmizdə vaksinasiya prosesinə ötən ayın 18-dən başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Özünü, ailəsini, ətrafdakıları qorumaq istəyən hər kəs könüllü şəkildə müraciət edərək peyvənd edilir. Peyvənd cəmiyyətimizin bu bəladan qurtulması və əvvəlki həyatımıza dönmək üçün yeganə ümid yeridir. Bəzən sosial mediada peyvəndlərin yan təsirləri ilə əlaqədar çaşdırıcı və həqiqətə uyğun olmayan məlumatlar yayılır. Lakin əslində vaksinlərin ciddi yan təsirləri deyilənlər qədər deyil. Ümumiyyətlə, vaksin vurulması həkim göstərişi və nəzarəti ilə həyata keçirilir. Təbii ki, bütün peyvəndlərdə olduğu kimi, bu vaksinlərin vurulması zamanı da çox nadir hallarda allergik reaksiya baş verə bilər. Bəzi risk qrupları var ki, onlarda peyvəndləmə aparılmır.
Koronavirusun "Britaniya ştammı" son günlər aktual mövzuya çevrilib. Onun daha çox gənclər arasında yayılması, xüsusilə də 70 faiz daha yoluxucu olması təşviş doğurub. Qardaş Türkiyədə və qonşu Gürcüstanda da həmin ştamma yoluxma halları qeydə alınıb. Azərbaycanda yeni ştamma yoluxma qeydə alınmasa da, onun ölkəmizdə olub-olmadığını öyrənmək üçün gen analizi aparılmalıdır. Hələlik "Britaniya ştammı"nın COVID-19-dan fərqli yan təsirləri qeydə alınmayıb. Vətəndaşlar könüllü peyvənd olunmaqla həmin ştamma qarşı da qoruyuculuq əldə edə biləcəklər",- deyə həkim-infeksionist bildirib.