Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 19:54
"Hazırda Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin bunu unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitib."
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
"Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik," o qeyd edib.
Onun sözlərinə görə, koronavirusun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır:
"İlkin tədqiqatlara görə, "Britaniya ştammı"nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib. Hazırda onun yolxuculuğunun 50-70 faiz çox olduğu məlumdur. Lakin öldürücülüyünün artması barədə dəqiq nəticələr yoxdur".
Onun dediyinə görə, yeni ştamma indiyədək təxminən 50 ölkədə rast gəlinib.
"Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz. Lakin hər kəs nə edəcəyini, virusla mübarizədə nəyin faydalı olduğunu bilir. Çünki virus eyni virusdur," Harmancı qeyd edib.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılıb.
İkinci mərhələdə yaşı 50 və daha çox olub, ən azı bir xroniki xəstəliyi olanlar, tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və insanlarla sıx təmasda olan peşələrdə çalışanlar vaksinasiya olunacaq.
Rəsmi məlumatlara görə, ölkədə artıq səhiyyə işçilərinin 70 %-i vaksinasiyadan keçib.