Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır

Bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır

Tarix: 6 Fevral 2021 00:00

İndiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlərin klinik tədqiqatlarının üçüncü mərhələsinin nəticələri məlum olub. Xəstəliyin qarşısını almaqda Biontech/Pfizer peyvəndinin səmərəsi 95 faiz, Moderna peyvəndininki isə 94,1 faiz təşkil edib. Ölkəmizdə istifadə olunan Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini Türkiyədən alınan məlumatlara görə 91,25 faiz hallarda təsirli olub. Ən başlıcası odur ki, peyvənd vurulması COVID-19 xəstəliyinin ağır formada keçməsi və ölüm hallarının qarşısını 100 faizə yaxın alıb. Əldə edilən son məlumatlara görə, 23,5 milyon doza mRNA peyvəndi (Pfizer/Biontech və Moderna) vurulub və onun vurulması zamanı ən çox müşahidə edilən yan təsirlər başağrısı, titrətmə, üşümə və əzələ ağrısıdır. Peyvənd zamanı anafilaktik reaksiyaya Biontech/Pfizer peyvəndində milyonda 5, Moderna vaksinində isə milyonda 3 dəfə rast gəlinib. Belə anafilaktik reaksiyanın peyvəndin tərkibindəki əlavə maddə olan polietilenqlikolla bağlı olduğu güman edilir. Peyvənd vurulandan sonra 196 ölüm halı baş verib və onlardan 129-u yaşlı və qocalar evində qalanlar arasında qeydə alınıb. Həm də aparılan ön tədqiqatlar göstərib ki, onların ölüm səbəbləri heç də peyvəndlə əlaqədar deyil.

Milli.Az bildirir ki, həkim-infeksionist Mədinə Abdullayeva bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Onun verdiyi məlumata görə, "CoronaVac" vaksinində ən çox üzləşilən yan təsirlərə halsızlıq, başağrısı, əzələ ağrısı, qısa zaman ərzində qoxu və dad bilmənin itməsidir.

Həkim-infeksionist daha sonra deyib: "COVID-19 virus infeksiyasının müxtəlif mutasiyaları var. Hazırda ən çox narahatlıq doğuran "Britaniya ştammı" da daxil olmaqla üç variant mövcuddur: B.1.17, B.1.357 və P1 variantları. Həmin mutasiyalar virusun hüceyrəyə daxil olmasını asanlaşdıraraq virusların yoluxduruculuq qabiliyyətinin artmasına səbəb olur. "Britaniya ştammı"na aid olan virusun yoluxduruculuğu 40 faiz artırdığı göstərilib. Həmin mutasiyalarla bağlı ölüm sayında artma olub-olmayacağı barədə çox böyük narahatlıq var. Təhlükəli cəhət ondan ibarətdir ki, hər üç mutasiyanın xəstəliyi keçirən və ya peyvənd olunanlarda əmələ gələn qoruyucu anticisimlərdən yayınaraq təkrar yoluxmağa səbəb ola biləcəyi güman edilir. Lakin bu, hələ tam dəqiqləşmiş məlumat deyil. Hər üç mutasiyanın meydana gəldiyi ölkələrdə virusun həmin variantı çox sürətlə yayıldı və dominantlıq təşkil etməyə başladı. Bu onu göstərir ki, vaxtında qarşısı alınmadıqda mutasiyaya uğramış virus sürətlə yayıla bilir. Məşhur bir həkimin dediyi kimi, bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır. Bu da yalnız qorunma qaydalarına riayət edərək və əhalinin sürətlə peyvənd olunması hesabına mümkündür".

Milli.Az


Etiketlər:  Bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ