Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 18:08
"Ermənistanda özünü müxalifət adlandıran o hərəkat ki var, indi Paşinyana qarşı müxtəlif kütləvi aksiyalar keçirirlər, müxtəlif erməni ictimai qruplaşmaları ayağa qaldırmağa çalışırlar, onların əslində bugünkü ritorikası - ölkə hökümətinə qarşı çox aqressiv çıxışları daha çox Ermənistan daxili auditoriyasına istiqamətlənib".
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa alternativi yoxdur:
"Bu gün Ermənistan cəmiyyəti çox ağır durumdadır. Həm iqtisadi, həm siyasi, həm psixoloji, həm ölkədəki sosial vəziyyət baxımından çox çətin vəziyyətdədir. Ona görə onlar istəyirlər, fürsətdən istifadə edərək faktiki olaraq öz daxili siyasi məqsədlərinə çatıb Paşinyanı devirsinlər. Amma xarici siyasət nöqteyi nəzərdən mən əminəm ki, hələ yaxın aylar, illər ərzində Ermənistanda hansı qüvvə hakimiyyətə gəlsə, ciddi dəyişikliklər olmayacaq. Rusiyanın, Azərbaycanın ittiham edildiyi o çıxışlar populistlikdən başqa bir şey deyil. Ermənistan üçün Rusiya ilə, Azərbaycanla, bütövlükdə bölgə ölkləri ilə əməkdaşlığın alternativi yoxdur. Paşinyan bunu öz xoş niyyətli olduğundan etmir ki. Paşinyan bunu ona görə edir ki, buna məhkumdur, buna məcburdur. Və nə qədər ki, reallıqlar hələ ki bölgədə indiki kimidir, Ermənistanda yaxın müddət ərzində kim hakimiyyətə gələrsə, başqa alternativ ssenari yoxdur".
E.Məmmədov deyib ki, Rusiyanın əleyhinə getmək Ermənistan dövlətçiliyinin sonu olar:
"Proseslərin bu istiqamətə yönəlməsi bölgədəki durumla bağlıdır. Bu, elə-belə olmadı ki. Bu, kənar güclərin, ilk növbədə ABŞ-ın, qərb ölkələrinin bölgəyə təsirinin azalması ilə çox ciddi şəkildə əlaqəlidir ki, faktiki olaraq bölgə dövlətləri prosesləri özləri istiqamətləndirdi, özləri həll etdi. Belə olan halda Ermənistan bölgənin ən zəif dövləti kimi bölgədəki yeni reallıqlarla hesablaşmağa məhkumdur. Ona görə də hesab edirəm ki, bölgədə baş verən hazırkı proseslər bizim ölkəmizin xeyirinədir, inişaf edir və belə olan halda Ermənistan da kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq bu geosiyasi və regional iqtisadi reallıqlarla Ermənistan Azərbaycanla da dil tapmağa məhkumdur və şübhəsiz ki, Rusiya ilə də dil tapmaq ümumiyyətlə Ermənistanın varlığının olub-olmaması ilə bağlı bir həyati məsələdir. Ona görə, Ermənistan üçün Rusiyanın əleyhinə getmək bütövlükdə Ermənistan dövlətçiliyinin sonu demək olar".
Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan Yerevanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib və Rusiyanın Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirir:
"Heç birimiz 9 noyabrda imzalanan üçtərəfli bəyanatla razı deyilik. Lakin biz bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında bizə lazım olmayan və hazır olmadığımız müharibə dayanır. Zəngəzurdan keçməli olan yollara, Ermənistandakı bütün yollara yalnız və yalnız Ermənistan Respublikası tərəfindən nəzarət olunmalıdır. Heç bir başqa ölkənin bizim yollarımıza nəzarət etmək hüququ yoxdur".
Təhməz Əsədov