Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı peyvəndi vurdurmalı: vaksinasiya ilə bağlı 5 əsas mif

Hansı peyvəndi vurdurmalı: vaksinasiya ilə bağlı 5 əsas mif

Tarix: 27 Fevral 2021 17:08

Bir il bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi qiymətləndirdi və təcili şəkildə COVID-19-a qarşı peyvəndlərin qeydiyyatına icazə verdi. Nəticədə artıq 2021-ci ilin əvvəllərində dünyada koronavirus infeksiyasına qarşı 200 vaksin (məsələn, Rusiyanın "Spitnik V" və ya Amerikanın "Moderna" preparatları kimi) yaradıldı. Bundan əvvəl isə Çinin "SinoPharm" şirkəti kütləvi peyvənd istehsalına başlayacaqlarını elan etdi.

Bəs peyvənd seçimi necə aparılmalıdır? Yaşlılara və ya allergiyalı insanlara hansı peyvənd daha uyğundur? Doğrudanmı istənilən peyvənd preparatı təhlükəli ola bilər? Sputnik bütün bu sualları beynəlxalq səviyyəli virusoloq-alimlərə ünvanlayıb.

Mif -1. Antitel yalnız 3-4 ay qalır?

Əgər preparat uzun müddətli təsirə malik deyilsə, onda peyvənd olunmaq nəyə lazımdır? COVID dissidentləri peyvənddən imtina etmələrinin əsas səbəbini preparatın təsirinin cəmi bir neçə ay davam etməsi ilə izah edirlər. Onların fikrincə, vaksinasiyadan sonra insan orqanizmində yaranan antitel yalnız bu qədər davam gətirir. Ancaq bu rəqəmi sosial şəbəkələrdə yer alan anonim şərhlərdən başqa heç nə təsdiqləmir.

"Bu rəqəm haradandır? İnternetdən? Yəqin, internetdəkilər alimlərdən çox bilirlər", - deyə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Altşteyn Sputnik-ə bildirib.

"Əslində, koronavirusa qarşı istənilən peyvənd yeni preparatdır, buna görə də heç kim dəqiq rəqəm söyləyə bilməz, amma hər bir halda bu, 3-4 ay deyil. Peyvənddən sonra proqnozlaşdırılan immunitet müddəti bir ildir. Bəlkə də daha çox, bunu zaman göstərəcək", - deyə o qeyd edib.

Bununla belə, yanvarın sonlarında məlum oldu ki, "Sputnik V" peyvəndi ilə vaksinasiya olunmuş Qamaleya mərkəzinin əməkdaşlarında artıq 9 aydır ki, immunitet qalır.

Mif-2. Vaksinasiya təhlükəli ola bilərmi?

Hamı peyvənd oluna bilməz. Rusiyada koronavirusa qarşı peyvənd üçün daimi əks-göstərişlər var: son bir il ərzində radiasiya terapiyasına məruz qalmış şəxslər, hamilə və uşaq əmizdirən qadınlar, allergiyanın ağır formasından əziyyət çəkənlər.

Bununla belə, məhdudiyyətlər COVID-19 peyvəndinin bu yaxınlarda yaradılması ilə əlaqədar deyil. İndiyə kimi mövcud olan bütün peyvənd preparatlarının içində sağlamlıq problemi olan insanlar üçün tövsiyə və xəbərdarlıqların yer aldğı təlimat vərəqləri var. Məsələn, xərçəng xəstələrində tez-tez immun funksiyası aşağı düşür, buna görə də onların vəziyyətində peyvənd təsirli olmaya bilər. Xərçəng xəstələrinin vaksinasiyası qadağan olunmayıb, ancaq peyvənd barədə qərar verməzdən əvvəl mütləq müalicəni aparan həkimlə məsləhətləşmək lazımdır.

"Kütləvi istifadəyə buraxılmamışdan əvvəl peyvənd bir sıra sınaqlardan keçirilir, buna görə də təhlükəli ola bilməz", - deyə Anatoli Altşteyn bildirir. Koronavirusun ölüm statistikası göstərir ki, bəzi insanların bu xəstəliyə yoluxması xüsusilə təhlükələdir.

"Sputnik V" peyvəndinin sınaqları keçirilən vaxt tənqidi fikirlər səslənməyə başladı ki, digər şirkətlər 40 min nəfəri sınaqlara cəlb etdiyi halda, sizdə bu proses cəmi 20 min nəfərin üzərində sınaqdan keçirilib. Birincisi, 20 min də kiçik rəqəm deyil, ikincisi, onların başına heç bir iş gəlməyib, hamısı sağ-salamatdır. Söhbət bu qədər insandan gedəndə hər hansı bir mənfi hadisəni gizlətmək mümkün deyil ", - deyə o izah edib.

Yeri gəlmişkən, bu yaxınlarda Böyük Britaniyada 1823-cü ildən nəşr olunan nüfuzlu "The Lancet" tibb jurnalı "Sputnik V" peyvəndinin beynəlxalq ekspert qiymətləndirməsini dərc edib. Qiymətləndirmənin nəticəsinə görə, klinik sınaqların üçüncü mərhələsi peyvəndin effektivliyinin 91,6% olduğunu göstərib.

Mif - 3. Əgər vaksin iki dəfəyə vurulursa, deməli, ağır preparatdır

Anatoli Altşteynin sözlərinə görə, çox vaxt koronavirus peyvəndi qrip vaksini ilə müqayisə olunur ki, bu da doğru deyil.

"İnsanlarda artıq çoxdan qripə qarşı müəyyən immunitet formalaşıb və adətən, hər il bu xəstəlik əleyhinə vaksinasiya olunurlar", - deyə o vurğulayır.

Yeni növ koronavirus insan orqanizmi üçün tamamilə yeni hadisədir, ona qarşı immunitet hələ formalaşmayıb və əvvəllər bu xəstəlik əleyhinə vaksinasiya aparılmayıb. Bu səbəbdən mövcud bütün peyvəndlər güclü toxunulmazlıq yaratmaq üçün iki mərhələdə tətbiq olunur. Peyvəndin yüksək səviyyədə effektivliyini təmin edən iki komponent var - məsələn, Rusiya istehsalı olan EpiVacCorona-nın klinik sınaqları 100% effektivlik göstərir və Çinin "SinoPharm" peyvəndinin təsirinin isə 80% olduğu təsdiqlənib. Müqayisə üçün: qrip peyvəndi bir komponentdən ibarətdir, eyni zamanda orqanizmi orta hesabla 60% bu xəstəlikdən qoruyur.

Peyvənd komponentlərinin sayı, sadəcə alqoritmdir. Məsələn, Hepatit B peyvəndi üç mərhələdən ibarətdir, çünki Hepatit B virusunun yoluxma qabiliyyəti çox yüksəkdir (İİV-dən 50 dəfə çox).

Peyvəndin tərkibindən də çox şey asılıdır - "Sputnik V" daha universal preparat hesab olunur, çünki çoxalma geni mövcud olmayan virus əsasında hazırlanıb və bunun sayəsində mutasiyaya məruz qalmış koronavirus ştamları ilə də mübarizə apara bilər. Və yaxud, "EpiVacCorona" süni şəkildə sintez edilmiş virusun zülallarından ibarətdir, buna görə də ən az allergiya yaradan preparat sayılır.

Mif-4. Yaşlı insanlar peyvənd olunmamalıdırlar

Keçən ilin dekabr ayının sonuna qədər yaşlı nəslin nümayəndələrinə koronavirus əleyhinə peyvənd edilməsi tövsiyə olunmurdu, ancaq sonra bu qadağa aradan qaldırıldı. Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, tibb elmləri doktoru, virusoloq Viktor Zuyev deyir ki, bu adi təcrübədir.

"60 yaşdan yuxarı insanlara diqqətlə yanaşılır, buna görə də peyvəndlər yaradılan vaxt hər yaşdan olan insanlar üçün təhlükəsizlik məlumatları tədricən toplanır. Hər bir halda, gənc və yaşlı orqanizm bir-birindən fərqlənir, bu səbəbdən də müxtəlif yaş qrupları üçün peyvənd hazırlanması prosesi addım-addım aparılır. Mən özüm 90+ qrupuna aid adamam, 1929-cu ildə anadan olmuşam və həyat yoldaşım da mənimlə eyni yaşdadır. İkimiz də peyvənd olunmuşuq və heç bir şey hiss etmədik", - deyə Zuyev vurğulayır.

Bir qədər əvvəl Sputnik V peyvəndinin effektivliyini qiymətləndirən Oksford Universitetinin gen terapiyası üzrə professoru Len Seymur da yaşlı insanlarda peyvəndlə bağlı risklərin olmadığını bildirmişdi.

"Əldə etdiyimiz məlumatlar göstərir ki, "Sputnik V" peyvəndi 60 və daha yuxarı yaş qruplarından olan insanlarda da yaxşı nəticə göstərir. Bu böyük nailiyyət və COVID-19 ilə qlobal mübarizəyə verilən əhəmiyyətli töhfədir", - deyə Seymur vurğulayıb.

Onun qiymətləndirməsi rəqəmlərə əsaslanır: sınaqlarda 60 yaşdan yuxarı 2144 könüllü iştirak edib ki, onların da ən qocasının həmin vaxt 87 yaşı olub. Tədqiqat zamanı ciddi əlavə təsirlər qeydə alınmayıb, əvəzində bütün iştirakçılarda koronavirusun ən ağır formasından qoruyan hüceyrə toxunulmazlığı reaksiyası yaranıb.

Mif-5. Rusiya bütün dünyada hamıdan əvvəl öz peyvəndini qeydiyyatdan keçirib, deməli, preparat üzərində iş axıra kimi aparılmayıb

Viktor Zuyev deyir ki, xəstəlik yeni olsa da, alimlər daim peyvənd yaratmaq üçün texnologiyalar üzərində çalışır, onları təkmilləşdirirlər.

"Bu mənada "Sputnik V" peyvəndinə doğru 25 il idi ki, yol gəlirdik. Bu peyvəndin hazırlanmasında istifadə olunan texnologiya əvvəllər genetik xəstəliklərə qarşı dərmanların yaradılması üçün işlənib-hazırlanmışdı. Ancaq proses vaxtı aydın oldu ki, həmin texnologiya Ebola peyvəndi üçün də uyğundur. Bu xəstəliyin ölümcüllüyü koronovirusdan da yüksəkdir".

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, N.F.Qamaleya adına Mərkəz 2017-ci ildə Ebola virusuna qarşı peyvəndin beynəlxalq patentini alb. Alimlər peyvəndin yaradılmasında eyni texnologiyadan istifadə ediblər.

Mərkəzin rəhbəri Aleksandr Ginzburq daha əvvəl bəyan etmişdi ki, peyvəndin yaradılması zamanı tələskənliyə yol verilməsindən söhbət gedə bilməz, sadəcə olaraq, əvvəlki illərin təcrübəsi imkan verib ki, artıq indiyə kimi görülmüş işi qısa müddətdə təkrarlasınlar.


Etiketlər:  Hansı peyvəndi vurdurmalı vaksinasiya ilə bağlı əsas


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ