Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 17:51
AZƏRTAC və Küveyt Elektron Media Birliyi arasında əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına töhfə verə bilər.
Bu məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyi İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında fevralın 27-də keçirilən görüş zamanı müzakirə olunub.
Qonağa Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində torpaqları işğaldan azad edib. Otuz illik işğal dövründə düşmən həmin ərazilərdəki şəhər və kəndlərdə görünməmiş dağıntılar törədib. Eyni zamanda, məscidlər, mədəniyyət və tarixi abidələr yerlə-yeksan olunub. Hazırda azad olunmuş rayonlarda bərpa-quruculuq işləri gedir.
AZƏRTAC ilə Küveyt Elektron Media Birliyi arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını deyən Aslan Aslanov bildirib ki, birgə layihələrin həyata keçirilməsi, müntəzəm informasiya və təcrübə mübadiləsi əlaqələrin inkişafına, xalqlarımızın bir-birini daha yaxından tanımasına vəsilə ola bilər.
Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlara getdiyini və orada gördüklərindən təsirləndiyini bildirən Feysəl Xəlifə əs-Savağ deyib. "Məscidlərin təhqir edilməsi qəbuledilməzdir. Bu, bütün İslam dünyasının mövqeyidir. Dünən Xocalı soyqırımının ildönümü idi. Azərbaycanın bu böyük kədərini hər zaman bölüşürük".
Səfəri zamanı Prezident İlham Əliyevin yerli və xarici media qurumları üçün keçirdiyi mətbuat konfransında iştirak etdiyini deyən qonaq dövlət başçısının suallara sərrast və ətraflı cavab verdiyini vurğulayıb: "Məndə bir daha əminlik yarandı ki, Azərbaycan öz müstəqilliyini qorumağa qadir olan dövlətdir".
Feysəl Xəlifə əs-Savağ AZƏRTAC-ın Küveytdə nümayəndəliyinin açılması üçün maliyyə dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib. Onun fikrincə, təmsilçilik büroları ölkələrimizin daha yaxşı tanıdılmasına geniş imkanlar yaradar.
Görüşdə, həmçinin AZƏRTAC-ın beynəlxalq media təşkilatlarında fəaliyyəti, Küveytin KUNA agentliyi, eləcə də digər ərəbdilli media qurumları ilə əməkdaşlığı barədə məlumat verilib.