Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 17:26
Dünyanın ən yeni ölkəsi olan Cənubi Sudanda ilk qadın futbol liqası keçirilib. Bir zamanlar futbol qadınlar üçün yasaq idi, amma bu gün futbol oynayan sudanlı qadınların sayı durmadan artır.
Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, fevralın 20-də Cənubi Sudanda keçirilən ilk qadın futbol liqasının açılış mərasimində "Juba Stars" ilə "Aweil" komandaları qarşılaşıb. 2-0 hesabı ilə başa çatan oyun ölkədə qadın futbolunda yeni bir səhifə açıb.
Cənubi Sudanın Qadın Futbol Milli Komandasının kapitanı, Ami Lasu bununla bağlı BBC Sport-a danışıb:
"İndi doğru yoldayıq. Ölkənin hər yerindən gənc qızları futbol oynamağa təşviq etməliyik, çünki futbol universaldır, cinsiyyət və ya irqi ayrıseçkilik yoxdur.
Hər kəsin oynamaq hüququ var və gənc qızları motivasiya etməyə çalışıram. Ümid edirəm ki, futbol oynayan daha çox gənc qız görəcəyik.
Ötən illə müqayisədə parklarda daha çox gənc qızın futbol oynadığını görürük. Yeni qurulacaq komandalar çoxdur. Biz irəliləyişlər olduğunu görürük".
Cənubi Sudan yüzlərlə, minlərlə insanın öldüyü qarşıdurmaların dağıdıcı təsirlərindən yenicə qurtulmağa başlayıb. Ölkədəki gənc qızların təxminən yarısı 18 yaşından əvvəl evləndirilir. Cinsi zorakılıq müharibə dövründə silah kimi istifadə edilən taktikalardan biri idi.
Cənubi Sudan Qadın Futbol Milli Komandası 2019-cu ildə qurulub. Komanda ikinci oyunda "Zanzibarı" komandasını 5-0 məğlub etmişdi.